Tərtərdə ananın azyaşlı oğlunu şişlə dağlamasının təfərrüatı məlum olub

Tərtərdə ananın azyaşlı oğlunu şişlə dağlamasının təfərrüatı məlum olub Tərtər rayonunda ana azyaşlı oğlunu şişlə dağlayaraq işgəncə verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Hadisə
12 Fevral , 2020 14:04
Tərtərdə ananın azyaşlı oğlunu şişlə dağlamasının təfərrüatı məlum olub
Report

Tərtər rayonunda ana azyaşlı oğlunu şişlə dağlayaraq işgəncə verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini, işgəncələrə məruz qaldığı iddia olunan azyaşlının anası Könül Dünyamalıyeva "Report"un Qarabağ Mərkəzinə hazırda boşanmaq üzrə olduqları və uşağın atasının aliment ödəməməsi üçün şər-böhtan xarakterli məlumatlar yaydığını bildirib: "2010-ci ildə Laçın rayon məcburi köçkünü Rafiq Dünyamalıyevlə ailə həyatı qurmuşuq. Bu izdivacdan biri oğlan, biri qız olmaqla iki övladımız var. Bir ildən çoxdur ki, həyat yoldaşımdan ayrı yaşayırıq. Rəsmi olaraq ayırlmasaq da, 5 yaşlı qızımız mənimlə, 9 yaşlı oğlumuz atası ilə birgə qalır. Boşanmaq üçün Tərtər Rayon Məhkəməsində müraciət etmişik. Hazırda rayon məhkəməsində işə baxılır. Yayılan xəbərlər tamamilə əsassız və uşağın atasının rəsmi olaraq boşandıqdan sonra aliment ödəməməsi üçün uydurmalarıdır".   

 Könül Dünyamalıyeva
Könül Dünyamalıyeva

"Report"un Qarabağ Mərkəzinin əməkdaşları azyaşlının anası Könül Dünyamalıyevanın fikirlərinə aydınlıq gətirmək üçün qarşı tərəf olan, Bərdə rayonunun Soğanverdilər kəndində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, azyaşlı oğlanın atası Rafiq Dünyamalıyevlə görüşüb. 

O, bildirib ki, uşaq xəstə olduğu üçün 9 ay əvvəl müalicəsi üçün anasının yanına göndərib və hadisə də uşağın anasının yanında olduğu zaman baş verdiyini bildirib: "Uşağı anasının yanına göndərdikdən bir neçə gün sonra mənə zəng edərək anasının onu döydüyünü, işgəncə verdiyi dedi. Mən də getdim uşağı öz yanıma gətirdim. Gördüm ki, uşağın anası Könül Dünyamalıyeva şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Bu hadisədən sonra uşağı gətirərək öz yanımda saxladım. Daha sonra uşağın yaralarının ciddi olduğunu görüb, polisə məlumat verdim". 

Rafiq Dünyamalıyev
Rafiq Dünyamalıyev

Qeyd edək ki, Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini Könül Bəhlul qızı Dünyamalıyevanın himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Telman Rafiq oğlu Dünyamalızadəyə işgəncə verməsi ilə bağlı məlumat yayılıb. 

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi