Bakı. 31 mart. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində sözügedən qurumun Elmi - Metodiki Şurasının nəzdində fəaliyyət göstərən Daimi Elmi Seminar (DES) “İslam Həmrəyliyi İli” çərçivəsində “Terror multikulturalizmə qarşı: 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda növbəti tədbirini keçirib.
Mərkəzdən "Report"a verilən məlumata görə, tədbirdə Fransanın Sofiya-Antipolis Universitetindən gələn alimlər, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşları, ziyalı və tələbələr iştirak edib. DES-in sədri, professor Etibar Nəcəfov ötən ilin yayında Azərbaycan xalqının, eləcə də bir çox xalqların məruz qaldığı dəhşətli erməni terrorunun acı nəticələrini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq və beynəlxalq səviyyədə terrora qarşı mübarizənin vacibliyini önə çəkmək məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin respublikamızda, eləcə də müxtəlif ölkələrdə “Terror multikulturalizmə qarşı” layihəsinə start verdiyini diqqətə çatdırıb.
Elmi seminarda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin böyük məsləhətçisi, tarix elmləri doktoru Həcər Verdiyevanın “1918-cui il soyqırımı-erməni millətçilərinin cinayətləri tarixi sənədlərdə” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə vurğulanıb ki, 1918-ci ildə Azərbaycan torpaqlarında Azərbaycan xalqına qarşı törədilən erməni zorakılığı və vəhşiliyi XIX əsrin sonlarından etibarən türk-müsəlman dünyasına qarşı qalxan, onları fiziki cəhətdən məhv etməyi qarşısına məqsəd qoyan, erməni millətçilərinin Birinci Dünya müharibəsi illərindən etibarən türklər və azərbaycanlılara qarşı apardıqları soyqırım siyasətinin tərkib hissəsidir.
Elmi seminarda çıxış edən Sofiya-Antipolis Universitetinin Hüquq və Siyasi elmlər fakültəsinin dekanı, professor Kristian Vallar, sözügedən universitetin dekan müavini Ksavye Latur, professorlar Klodin Terrazzioni və Poline Türk 31 Mart Soyqırımı qurbanlarını anıblar. Erməni terrorunu qətiyyətlə pisləyən alimlər çıxışlarında terrorun aradan qaldırılmasında multikulturalizmin və tolerantlığın böyük əhəmiyyətini önə çəkiblər.
Fransalı alimlər çıxışlarında həmçinin müasir dövrdə terrorun qarşısının alınmasında, bəşəriyyət sülh və əmin-amanlıq içində yaşaması üçün İslam və digər dinlərin həmrəyliyinin əhəmiyyətini qeyd ediblər. Çıxışlarda Fransa və Azərbaycanda azlıqların statusu mövzusunda müzakirələr aparılıb, qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı təkliflər dinlənilib.