Tərlan Əhmədov: "Bu gün bir səhvlə məğlub olduq"

Tərlan Əhmədov: "Bu gün bir səhvlə məğlub olduq" "Fasilədən maksimum istifadə etməyə çalışacağıq"
Hadisə
5 Noyabr , 2017 20:13
Tərlan Əhmədov: Bu gün bir səhvlə məğlub olduq

Bakı. 5 noyabr. REPORT.AZ/ "Məğlub olsaq da, bu gün zəif çıxış etmədik. Müdafiədə oturmadıq. Ancaq bu, futboldur, hərdən belə də olur. Komandamın oyunundan razı qaldım. Uşaqlara matçdan sonra təşəkkür etdim. Bundan öncəki oyundan sonrakı mətbuat konfransında yolun əvvəlində olduğumuzu demişdim. Artıq yolun ortasındayıq. Bu gün bir səhvlə məğlub olduq. Qarşıda bizi daha çətin qarşılaşmalar gözləyir. Bu oyundakı səhvlərimizi təhlil edərək, gələcək matçlara daha motivasiyalı çıxacağıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Növbəti turda sizi “Qəbələ” ilə çətin oyun gözləyir. Bu oyunadək isə çempionatda fasilə yaranacaq. Bu, komandanın xeyrinədir, yoxsa ziyanına?

- Bunu bilmək olmaz. Sadəcə, fasilədən maksimum istifadə etməyə çalışacağıq.

İqnasio Errera bu gün bir neçə səhvlə yadda qaldı. Siz isə onu yalnız oyunun 80-ci dəqiqəsində əvəzlədiniz. Bu, yerli futbolçulara mesaj deyildi?

- Futbola yuxarıdan baxanda daha rahatdır. Pelenin belə bir sözü var: "Damanı hamı oynayır, ancaq heç kim bilmir ki, necə oynanmalıdır. Futbolu isə heç kim oynamır, ancaq hamı bu barədə danışır". Onu meydanda saxlamağım heç kimə mesaj deyil. Heç kimlə danışıq aparmamışam.

Sağ cinaha çarə tapmısınız, bəs sol cinahdakı problemi nə vaxt həll edəcəksiniz?

- Maksimum çalışıram ki, yerli oyunçular daha çox çıxış etsin. Akademiyaya göz gəzdirməyə imkanım olmayıb. Fürsət tapan kimi baxacağam. Hələlik bu mövqedə Anton Krivotsyuk çıxış edir.

Kirilo Petrovun oyununu necə dəyərləndirərdiniz? İlk qolda onun səhvi də var idi...

- Bir oyunçu səhv etmirsə, deməli, ümumiyyətlə oynamayıb. Məğlubiyyətdə heç kimi günahlandırmıram. Futbolçularıma oyuna görə təşəkkür etdim. Oyunun taleyini bir top həll etdi. Son 7 turda heç kimdən zəif oynamamışıq. Bu gün “Zirə” qalib gəlibsə, deməli, onlar daha layiq idilər.

Emin Mahmudovun əsas heyətdə yer almaması nə ilə bağlı idi?

- Bugünkü oyun daha çox istək tələb edirdi. Rəhman Hacıyev süni örtükdə daha çevik hərəkət etdiyindən, start heyətində ona şans verdim. İkinci hissədə Emini meydana buraxdım. Çünki onun mərkəzdə top saxlaya biləcəyini düşünürdüm.

Bu gün Daniel Seqoviyanın heyətdə olmaması nə ilə bağlı idi?

- Fəhmin Muradbəyli, Pavel Dreksa və Daniel Seqoviya əvəzedici heyətdə zədə aldıqlarından, bu gün əsas komandada olmadılar.

Son xəbərlər

Orphus sistemi