Bakı. 3 dekabr. REPORT.AZ/ “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda məişət tullantıları arasından silah-sursat hissələri aşkar olunub. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən bildirilib.
Bakıdan toplanmış tullantıların çeşidlənməsi zamanı son 2 gündə tapılan avtomat və tapança güllələri, müxtəlif silah hissələri polisə təhvil verilib.
“Təmiz Şəhər” ASC-nin polisə təhvil veridyi silah-sursat hissələrinə 27 ədəd 5.45 çaplı patron, 58 ədəd 7.62 çaplı patron, 34 ədəd kiçik çaplı patron, 2 ədəd avtomat darağı, 1 ədəd F1 əl qumbarasının korpusu, 1 ədəd optik nişangah daxildir.
Qeyd edək ki, “Təmiz Şəhər” ASC-yə aid tullantıların çeşidlənməsi zavodunda paytaxtdan toplanmış tullantılar - kağız, şüşə, plastik, metal və s. formada ayrı-ayrı yığılır. Daha sonra onlardan xammal kimi istifadə edərək yeni məhsullar hazırlanması üçün müxtəlif təkrar emal müəssisələrinə göndərilir. İş prosesi zamanı tullantılar arasından vaxtaşırı olaraq tullantı hesab olunmayan əşyalar aşkarlandıqda aidiyyəti qurumlara təhvil verilir.

