Teleqüllə yaxınlığındakı sürüşmə ilə bağlı xüsusi qərargah yaradılıb

Teleqüllə yaxınlığındakı sürüşmə ilə bağlı xüsusi qərargah yaradılıb Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə xüsusi təxliyə və yerləşdirmə planları hazırlanıb
Hadisə
24 Yanvar , 2018 13:07
Teleqüllə yaxınlığındakı sürüşmə ilə bağlı xüsusi qərargah yaradılıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Son günlərdə yağıntıların təsirindən Səbail rayonundakı Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpıb, torpaqda çatlar əmələ gəlib, bəzi yerlərdə isə çatlar genişlənib.

Səbail Rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri ərazidə olub və sürüşmə zonasına baxış keçiriblər.

"Bakı şəhərinin aktiv sürüşmə zonalarından olan bu ərazidə sürüşmə halının baş verməsi yeni hadisə deyil, illərlə mövcud olan köhnə problemdir. Sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşır. Yağıntıların normadan artıq olması və digər səbəblər də buna öz təsirini göstərir. Vaxtilə ərazidə inşa olunmuş qanunsuz tikililər, onların kommunikasiya xətlərinin qəzalı olması da sürüşməyə təkan verən hallardandır", - məlumatda qeyd olunub.

Bildirilib ki, məsələnin ciddiliyi nəzərə alınaraq vətəndaşların təhlükəsizliyinin qorunması məqsədi ilə Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb: "Mütəxəssislərin iştirakı ilə sürüşmənin əhatə dairəsi, bu ərazidə mövcud tikililərin ünvanları və yaşayan vətəndaşların sayı müəyyənləşdirilib. Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə xüsusi təxliyə və yerləşdirmə planları hazırlanıb, tələbat yaranarsa vətəndaşların müvəqqəti yerləşdiriləcəyi yerlər müəyyənləşdirilib. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi aidiyyəti qurumlar tərəfindən nəzarətdədir". 

Məlumatda vurğulanıb ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən məsələ ilə bağlı qərargahın iclası keçirilib, xidmət, təşkilat və digər sahələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib: "Əraziyə daim baxış keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir. Ərazidə gedən proseslər Nazirlər Kabinetı tərəfindən nəzarətdə saxlanılır".

Son xəbərlər

Orphus sistemi