Telefon qaçaqmalçılığında ittiham edilən ər-arvadın məhkəməsi başlayır

Telefon qaçaqmalçılığında ittiham edilən ər-arvadın məhkəməsi başlayır Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Nurlan Nəsibov və onun həyat yoldaşı Layə Yaqubovanın cinayət işi üzrə məhkəmə araşdırması başlayır.
Hadisə
17 İyun , 2019 09:39
Telefon qaçaqmalçılığında ittiham edilən ər-arvadın məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Nurlan Nəsibov və onun həyat yoldaşı Layə Yaqubovanın cinayət işi üzrə məhkəmə araşdırması başlayır.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyanın icraatında olan iş üzrə hazırlıq iclası iyunun 21-nə təyin edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.

N.Nəsibov və L.Yaqubova xeyli sayda mobil telefonu qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirmək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Rəsmi məlumata görə, onlar “FZ-707” saylı Dubay-Bakı aviareysi ilə gələrkən Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətini keçdikdən sonra əl yükü olan çamadanı lentin yanında qoyaraq ayaqyoluna daxil olub. L.Yaqubova orada əyninə çadra geyinərək lentin yanında qoyduğu çamadanı götürüb və “Yaşıl Kanal”a doğru hərəkət edib.

Layə Yaqubova gömrük əməkdaşı tərəfindən saxlanılaraq “Qırmızı Kanal”a yönləndirilib və bu zaman həyat yoldaşının çamadanındakı qaçaqmal predmetlərinin aşkar ediləcəyini anlayan Nurlan Nəsibov diqqəti yayındırmaq məqsədilə yerə yıxılaraq özünü pis hiss etdiyini bildirib.

Gömrük əməkdaşlarının diqqətinin Nurlan Nəsibova yönəldiyini görən Layə Yaqubova “Qırmızı Kanal”a daxil olmadan yenidən çamadanını lentin yanına qoyaraq ayaqyolunda çadrasını çıxarıb və əl yükü olmadan “Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etməyə cəhd göstərib. Gömrükçülər tərəfindən saxlanılaraq yoxlama otağına dəvət edilən Layə Yaqubovanın hava limanının zalında qoyaraq gömrük nəzarətindən keçmək istədiyi əl yükü olan çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 6 ədəd “Samsung S9 64GB”, 1 ədəd “Samsung Note 9 128GB” , 5 ədəd “İphone XS Gold 64GB”, 3 ədəd “İphone XS Space Gray 64GB”, 1 ədəd “İphone XS Gold 256GB”, 1 ədəd “İphone X Silver 64GB”, 1 ədəd “İphone XS MAX Space Gray 256GB”, 1 ədəd “İphone XS MAX Space Gray 64GB”, 1 ədəd “İphone XS MAX Gold 256GB” və 2 ədəd “İphone XS MAX Gold 64GB” markalı mobil telefon, əl çantasından isə 1 ədəd “Samsung S9 64GB” markalı mobil telefon aşkarlanıb.

Yaqubova Layə Cümşüd qızı ilkin izahatında mobil telefonların həyat yoldaşı Nurlana məxsus olduğunu, gömrük nəzarətindən bu üsulla keçirməyi də onun planlaşdırdığını bildirib.

Son xəbərlər

Orphus sistemi