Yuxarı

Təhsil müəssisəsi tələbələrin dərs zamanı hallarının pisləşməsi barədə məlumatlara münasibət bildirib

Təhsil müəssisəsi tələbələrin dərs zamanı hallarının pisləşməsi barədə

Qazax Dövlət Sosial İqtisad Kolleci tələbələrinin dərs zamanı hallarının pisləşməsi barədə məlumatlara rəsmi açıqlama verib.

Kollecdən "Report"un Qərb Mərkəzinə verilən məlumatda bildirilir ki, tələbələrin zəhərlənməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Tələbələrin heç biri zəhərlənməyib, hətta onların qanlarından analiz də götürülüb və heç bir zəhərlənmə əlaməti aşkarlanmayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də xəstəxanaya gediblər. Tibbi müayinə və analizlər nəticəsində tələbələrdə qidadan da zəhərlənmə qeydə alınmayıb. Sadəcə olaraq, tələbələrdən bəziləri sinifdə quraşdırılmış "solyarka" sobasının iyindən özlərini pis hiss ediblər. Tələbələrin bəziləri təşvişə düşdüyündən özlərini pis hiss edib və xəstəxanaya aparılıb. Hazırda vəziyyətləri normaldır."

Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzindən "Report"un Qərb Mərkəzinə bildirilib ki, tələbələr xəstəxanaya gətirilən zaman bir neçəsinin halı pis olub: "Bir neçə tələbə isə, sadəcə, həyəcanlanmışdılar. Tibbi yoxlanışlar aparıldı və onlarda zəhərlənmə əlamətləri aşkarlanmadı. Hamsına ilkin tibbi yardım göstərilib və hazırda hamsının vəziyyəti normaldır".

Qeyd edək ki, mətbuatda Qazax Dövlət Sosial İqtisad Kollecinin Sosial fakültəsinin 3-cü kursunda təhsil alan 8 tələbənin dərs zamanı zəhərlənməsi barədə məlumatlar yayılıb. Belə ki, Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Xəvvər Fikrət qızı Mərdanova, Şəmkir rayon sakini, 2000-cı il təvəllüdlü Əlizadə Arzu Azər qızı, Tərtər rayon sakini, 2000-ci il təvəllüdlü Əfsanə Mətləb qızı Səfərli, Qazax rayon sakini, 2000-ci il təvəllüdlü Mahizər Akif qızı Süleymanova, Gədəbəy rayon sakini, 2000-ci il təvəllüdlü Gülandam Həsənova, Şəmkir rayon sakini, 2001-ci il təvəllüdlü Leyla Xaliq qızı Musazadə, Tovuz rayon sakini, 2000-cı il təvəllüdlü Pərvanə Zakir qızı Rzayeva və Şəmkir rayon sakini, 2000-ci il təvəllüdlü Sahibə İntiqam qızı Mərdanova dərs zamanı anidən halı pisləşib və onlar Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi