Tbilisidə üzərinə fasad şüşəsi düşməsi nəticəsində ölən azərbaycanlı uşaq dəfn olunub

Tbilisidə üzərinə fasad şüşəsi düşməsi nəticəsində ölən azərbaycanlı uşaq dəfn olunub Digər məktəblilərin müalicəsi davam edir
Hadisə
1 Mart , 2018 15:37
Tbilisidə üzərinə fasad şüşəsi düşməsi nəticəsində ölən azərbaycanlı uşaq dəfn olunub
Report

Tbilisi. 1 mart. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisinin Barataşvili küçəsində binaların birindən fasad şüşəsinin düşməsi nəticəsində ölən azərbaycanlı məktəbli dəfn olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş Aslan Məmmədovun nəşi martın 1-də Poniçala qəsəbəsindən götürülərək Bolnisi rayonunun Sarıməmmədli kəndinə aparılıb və orada torpağa tapşırılıb.

Bədbəxt hadisə nəticəsində müxtəlif xəsarətlər almış 7 uşaqdan 5-nin müalicəsi isə davam etdirilir. İki nəfər isə artıq evlərinə buraxılıb.

Hazırda 5 nəfər yaralı şagirdin 3-ü Tbilisidəki “Amtel” Hospitalda, 2-si isə “İnqorovka” Klinikası adlanan “Yüksək Texnoloji Tibbi Təhqiqatlar Mərkəzi”ndə müalicə olunurlar.

“Amtel” Hospitalın uşaq neyrocərrahiyyə şöbəsinin müdiri Beso Çinçivadze “Report”un Gürcüstan bürosuna bildirib ki, xəstəxanaya 3 şagird gətirilib. Onlardan biri oğlan, ikisi qızdır. Qızlardan biri azərbaycanlıdır. Oğlan ağır baş-beyin zədəsi alıb. Qızların isə ciddi yarası yoxdur. Heç bir xəstədə beyin daxili qanaxma və ya digər ağır fəsad qeydə alınmayıb: "Onlar, çox güman ki, iki gündən sonra evə buraxılacaqlar və onlar müalicələrini evlərində davam etdirəcəklər. Onların müalicə və xəstəxana xərclərini dövlət öz üzərinə götürüb".

“İnqorovka” Klinikasının Uşaq neyrocərrahiyyə şöbəsinin müdiri Nino Laliani isə bildirib ki, hazırda klinikada həmin hadisə zamanı zədə almış iki qız uşağı müalicə alır, onlardan biri azərbaycanlıdır.

Hər iki xəstəyə “beyin silkələnməsi” diaqnozu qoyulub. Hazırda onların vəziyyəti qənaətbəxşdir. Əgər bir hadisə baş verməzsə, hər iki azyaşlı bu gün evə buraxılacaq.

Həkimin sözlərinə görə, hər iki şagirdin müalicəsi dövlət hesabına həyata keçirilir.

Qeyd edək ki, fevralın 28-də Tbilisidəki Barataşvili küçəsində binanın fasad şüşəsinin düşməsi nəticəsində 8 şagird xəsarət alıb. Onlardan biri Yuxarı Pinoçala qəsəbəsindəki 70 saylı tam orta məktəbin şagirdi Aslan Məmmədov aldığı xəsarətlərdən ölüb. Müxtəlif xəsarətlər almış şagirdlərdən 5-nin müalicəsi davam edir.

Məktəbdən “Report”un Gürcüstan bürosuna bildiriblər ki, fevralın 28-də 7-ci sinif şagirdləri müəllimin müşayiəti ilə Tbilisi şəhərinə ekskursiyaya gediblər. Gözlənilmədən bədbəxt hadisə baş verib. A.Məmmədovun ölümü və daha 7 nəfərin yaralanması digər məktəblilərin də psixoloji durumuna mənfi təsir göstərib.

Gürcüstan baş nazirinin tapşırığına əsasən, Səhiyyə Nazirliyinin həkimləri uşaqları müayinə edib, lazımi köməklik göstərirlər.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb, təhqiqat aparılır. 

Son xəbərlər

Orphus sistemi