Azərbaycan Tarix İnstitutunun direktoru "Bakcell" şirkətini ittiham edib

Azərbaycan Tarix İnstitutunun direktoru "Bakcell" şirkətini ittiham edib Yaqub Mahmudov: "Bakcell" qazandığı vəsaitin bir hissəsini Azərbaycanın əleyhinə yox, xeyrinə sərf etməlidir"
Hadisə
19 Fevral , 2015 18:38
Azərbaycan Tarix İnstitutunun direktoru Bakcell şirkətini ittiham edib

Bakı. 19 fevral. REPORT.AZ/ "Bakcell" şirkətinin dəstəyi ilə hazırlanan "Azərbaycan: səmadan baxış" adlı kitabın əvvəlində oxuculara Albaniyadan cəlb edilən fotoqrafçı Alket Islami və giriş sözü ilə şirkətinin baş icraçı direktoru Riçard Şirer müraciət edir. Lakin kitabda qeyri-dəqiqliyə yol verilib ki, bu da Azərbaycan tarixinə təxribat səviyyəsindədir". "Report" xəbər verir ki, bu barədə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun yaydığı bəyanatda bildirilib.

Kitabın onda təəssüf hissi oyatdığını deyən Y.Mahmudov deyib ki, "Bakcell" şirkəti uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkənin ən nüfuzlu biznes strukturlarından biridir: "Şübhə etmirəm ki, şirkət ölkədə yaxşı qazanır. Əvvəlcə kitabı vərəqləyərkən sevindim ki, şirkət bu şəkildə Azərbaycanı təbliğ edir. Həqiqətən də, "Bakcell"in baş direktoru Riçard Şirer öz giriş sözündə bildirib ki, bu kitab oxuculara Azərbaycanı yenidən kəşf etmək imkanı verir. Ən ciddi təəccüb doğuran məqam odur ki, Azərbaycanda fəaliyyət göstərən bu şirkət ölkəmizin bir tarixi abidəsini Gürcüstan abidəsi kimi təqdim edib. Söhbət kitabın iki yerində "Gürcüstan kilsəsi" kimi təqdim olunan Kürmük məbədindən gedir. Hesab edirəm ki, bu, Azərbaycan tarixinə, abidələrinə, eləcə də ölkənin ərazisinə qarşı düşünülmüş təxribatdır. Düşünürəm ki, bu təxribat iki strateji müttəfiq - Azərbaycanla Gürcüstan arasında olan mehriban qonşuluq münasibətlərini pozmaq üçün nəzərdə tutulub. Gürcüstanla sərhəddən kifayət qədər uzaqda yerləşən məşhur alban məbədinə belə bir münasibəti başqa nə ilə izah etmək olar? "Bakcell" tərəfindən Azərbaycanı yenidən kəşf etməyə ehtiyac yoxdur, tariximizə belə bir "töhfə" etmək lazım deyil".

O, həmçinin qeyd edib ki, Kürmük məbədi qədim alban monastrıdır, həm müsəlmanların, həm də xristianların ziyarət yeridir: "Buraya ildə iki dəfə qonşu rayonlardan, həmçinin xaricdən, bayram etməyə zəvvarlar, əsasən də müsəlmanlar axışır. Burada monastr Azərbaycan dövlətçiliyinin Alban dövründə inşa edilib. Ərazinin işğalı zamanı Rusiya Car-Balakən camaatı, Şəki xanlarının, İlisu sultanlarının şiddətli müqaviməti ilə üzləşib. Böyük çətinliklərlə Danyal sultanı məğlub edərək, Rusiya İlisu sultanlığını ləğv edib, və 19-cu əsrin ikinci yarısında bu torpaqlarda xristian kilsələrini tikməyə başlayıb. Bu pravoslav kilsələrindən biridə "Azərbaycan: səmadan baxış" kitabında “Gürcüstan kilsəsi" kimi təqdim olunan Kürmük məbədidir. Bu kilsə qədim alban monastırının xarabalıqları üzərində 1892-1894-ci illərdə tikilib. Bu faktı Azərbaycan, Rusiya, Gürcüstan arxivlərinda olan sənədlər təsdiq edir". 

"Kürmük məbədi Rusiya imperiyasının Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti hesabına və xristianlığı qəbul etmiş ingiloyların ianələri ilə inşa edilib. Xristianlığı Əlibəyli və Kötüklü ingiloy kəndlərinin əhalisi qəbul edib. Butün bunları nəzərə alaraq demək olar ki, Bakcell şirkətinin Azərbaycanın bu cür "yenidən kəşf" etməsi Azərbaycan xalqına, dövlətinə, Azərbaycan-Gürcüstan münasibətlərinə qarşı böyük təxribatdır. Belə şey yolverilməzdir, çünki bu şirkət vətəndaşlarımızın hesabına yaxşı qazanc əldə edir. Ona görə də Bakcell qazandığı vəsaitin bir hissəsini Azərbaycanın əleyhinə yox, xeyrinə sərf etməlidir", - Y.Mahmudov əlavə edib.

"Azərbaycan: səmadan baxış" adlı yüksək poligrafiya səviyyəsində çap olunan kitab Azərbaycan və ingilis dillərində nəşr olunub. 102 fotoşəkilli kitab layihəsi "ArtGroup" İstanbul şirkəti və alban fotoqrafçı Alket İslami tərəfindən hazırlanıb. Kitabın bir nüsxəsi  də AMEA-nın A.Bakıxanov adına Tarix İnstituna təqdim olunub.

"Bakcell” şirkətində korporativ kommunikasiyalar bölməsinin rəhbəri Süheylə Cəfərova "Report"un sorğusuna cavab olaraq Y.Mahmudovun bəyanatına münasibət bildirib. "Bəyanatda göstərildiyi kimi bu, "ArtGrup" İstanbul şirkəti ilə birgə həyata keçirilən layihədir. Layihənin sifarişçisi "Bakcell" şirkətidir. Fotoşəkillərin çəkilməsi, kitabın nəşri və digər işlər adıçəkilən şirkət tərəfindən həyata keçirilib. Bu məsələ ilə bağlı şirkətə müraciət etdik və onlar bizə prosesin necə baş verdiyini izah etdilər. Məsələ ondadır ki, bu abidələrin çəkilişi səmadan helikopter vasitəsilə həyata keçirilib. Şəkillər çəkilən zaman koordinatlar müəyyən edilib. Sonra həmin koordinatlar "GoogleMap"da şəkillərin özü ilə birgə yüklənib və "GoogleMap"ın göstərdiyi adlara uyğun seçilib. Biz təəssüf edirik ki, belə bir yanlışlıq baş verib. 100-dən çox şəkildən birində belə bir anlaşılmazlıq yaranıb. Bunun da səbəblərini tərəfdaş şirkət olan "ArtGroup" İstanbul şirkəti belə izah edib. Biz Tarix İnstitutuna təşəkkür edirik ki, məsələni görüb və bizə bildiriblər. Bundan sonra şəkillər harada nəşr olunarsa və ya elektron formada yayılarsa, tarixi abidənin adında yol verilmiş yalnışlıq aradan qaldırılacaq.

"Bakcell" şirkəti Azərbaycan tarixinə, mədəniyyətinə hörmətlə yanaşır və bu sahədə layihəyə dəstək verir. Bu səhv sırf texniki səbəbdən baş verib. Burada hər hansı təxribatdan söhbət gedə bilməz", - "Bakcell"in sözçüsü bildirib.

Son xəbərlər

Orphus sistemi