​Tanışına qarşı quldurluq edən şəxslərin cəzaları azaldılıb

​Tanışına qarşı quldurluq edən şəxslərin cəzaları azaldılıb Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
9 İyul , 2016 15:50
​Tanışına qarşı quldurluq edən şəxslərin cəzaları azaldılıb

Bakı. 9 iyul. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Sumqayıt sakinləri - 1992-ci il təvəllüdlü İsmayıl Firudin oğlu Məmmədov və 1991-ci il təvəllüdlü Tamerlan Telman oğlu İbrahimovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin müdafiəçilərinin apellyasiya şikayətləri təmin edilməyib. Lakin birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, İ.Məmmədovun 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə, T.İbrahimovun isə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib.

Qeyd edək ki, ittiham aktına əsasən, quldurluq hadisəsi ötən il iyul ayının 19-da gecə saat 03:00 radələrində Bakı-Quba avtomobil yolunu 28-ci km-nin kənarında yerləşən "Kral" kafesində yanında baş verib. Hər iki şəxs özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup halında birləşərək, tanış olduqları Ağamir Famil oğlu Əsgərovu əvvəl yumruqla vurub yerə yıxıblar. Daha sonra onlar həmin şəxsi sürüyərək yaxınlıqda olan parkdakı ağacların arasına aparıb. İ.Məmmədov və T.İbrahimov zərərçəkmişin əllərini onun köynəyin hissələri ilə bağlayaraq, A.Əsgərovun cibindən 890 manat pulunu, bir ədəd 80 manat dəyərində mobil telefonunu və ayaqqabılarını çıxarıb götürüblər. Təqsirləndirilən şəxslər ümumilikdə A.Əsgərova 992 manat ziyan vurmaqla quldurluq etdikdən sonra hadisə yerindən uzaqlaşıblar. Zərərçəkmişin hüquq-mühafizə orqanlarına müraciəti əsasında təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

İ.Məmmədov və T.İbrahimov Cinayət Məcəlləsinin (CM) 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunublar.

Bu il yanvar ayının 21-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 9 il 6 ay müddətinə və T.İbrahimov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumların müdafiəçiləri apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. Vəkillər təqsirləndirilən şəxslərin əməllərini CM-nin 181.2.1-ci maddəsindən CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsinə tövsif edilməsini və CM-nin 62-ci maddəsinə əsasən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş ediblər.

Son xəbərlər

Orphus sistemi