Tanınmış ilahiyyatçının qardaşının məhkəməsində polislər ifadə verib

Tanınmış ilahiyyatçının qardaşının məhkəməsində polislər ifadə verib Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Şamil Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
16 Avqust , 2018 12:34
Tanınmış ilahiyyatçının qardaşının məhkəməsində polislər ifadə verib

Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Şamil Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə qəza zamanı dünyasını dəyişən Eldar Həsənovun atası Cəmşid Həsənov ifadə verib.

Onun qəzada dünyasını dəyişən digər şəxs - Vüsal Quliyevin anası Rəfiqə Quliyevanın istəyi ilə məhkəməyə dəvət edildiyi elan olunub.

R.Quliyeva C.Həsənova "niyə qəza törədən şəxsi bağışlamışdın" sualını verib: "Mənim oğlum Cəmşidin oğlunun maşınında olub. Oğlumun iki maşını var idi. Amma Eldarın maşını ilə getmişdilər. Hadisə baş verən gün onlar barışıq elədilər. Mən Cəmşidgillə qonşuyam. Münasibətimiz də həmişə yaxşı olub. Hadisə gününün səhəri oğlumu torpağa tapşırmadan məni Cəmşidgil evlərinə çağırdılar. Mən də dedim ki, bəlkə oğlumla bağlı nəsə xəbər var. Gələn kimi bildirdilər ki, "biz Şamili bağışlamışıq, sən də onu bağışla". Onlar ikisi də Qubadlıdandır, bağışlaması normaldır".

Hakim söyləyib ki, zərərçəkmişin həbs edilən şəxsi bağışlaması sorğu-sual edilə bilməz.

Zərərçəkmiş C.Həsənov bu suala cavab verməyib.

R.Quliyeva qeyd edib ki, qəzanı törədən Ş.Həsənovla digər mərhum E.Həsənov arasında problemin olduğundan şübhələnir: "Bəlkə Şamil Eldarın maşınını görüb bilərəkdən onun üstünə sürüb. Əvvəlcədən aralarında nəsə ədavət olub? Oğlum da bunların güdazına gedib".

C.Həsənov mərhum oğlu ilə Ş.Həsənov arasında problem olmadığını deyib.

Məhkəmədə yol polisləri Elnur Rəhimov və Elmədin İsmayılov da şahid qismində dindirilib.

Onların hər ikisi söyləyib ki, növbətçi hissədən qəza ilə bağlı məlumat daxil olandan sonra hadisə yerinə gediblər. Qəza baş verən yerə yaxınlaşarkən "OKA"da olan iki şəxsin öldüyünü görüblər.

Polis əməkdaşları bildiriblər ki, qəzanı törədən şəxs öz maşınının yanında olub və dəvət edilən zaman polis idarəsinə gedib.

R.Quliyeva nəzarət kameralarındakı görüntülərin çıxarılmasını məhkəmədən xahiş edib.

Hakim bildirib ki, şahidlər dindiriləndən sonra bu məsələyə baxılacaq.

Məhkəmənin növbəti iclası avqustun 27-nə təyin edilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi bu il martın 12-də Sumqayıt şəhərində baş verib.

Belə ki, Həsənov Şamil Bəhram oğlunun sərxoş halda idarə etdiyi “Hyunday Azera” markalı 99 DV 039 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozması nəticəsində Həsənov Eldar Cəmşid oğlunun idarə etdiyi 50 BE 671 dövlət qeydiyyat nişanlı “Oka” markalı avtomobillə toqquşub. Nəticədə E.Həsənov və sərnişin Quliyev Vüsal Vidadi oğlu hadisə yerində vəfat edib.

Faktına görə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ş.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ş.Həsənov Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin məzunudur. O, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun qardaşıdır.

Son xəbərlər

Orphus sistemi