Tanınmış idmançının evindən oğurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

Tanınmış idmançının evindən oğurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
26 Sentyabr , 2018 12:59
Tanınmış idmançının evindən oğurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.Fərəcovanın vəkili Gülşən Salmanova müdafiə çıxışı edib. O, müvəkkilinin günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra təqsirləndirilən N.Fərəcova son söz üçün məhkəmədən vaxt istəyib.

Zərərçəkmiş F.Əzizova bildirib ki, zərərin qalan hissəsi yenə ödənilməyib: "Həmin mükafatlar mənə prezident tərəfindən verilib".

Proses oktyabrın 3-dək təxirə salınıb.

Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay və N.Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs edilməsini tələb etmişdi.

Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.

Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin bacısının sevgilisidir.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

İbtidai istintaq dövründə N.Fərəcova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

N.İsrafilov daha əvvəl məhkumluq həyatı yaşayıb.

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi