Tanınmış idmançının evindən 67 minlik oğurluq edən şəxslərin anaları məhkəmədə dindirilib

Tanınmış idmançının evindən 67 minlik oğurluq edən şəxslərin anaları məhkəmədə dindirilib Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
15 Avqust , 2018 12:08
Tanınmış idmançının evindən 67 minlik oğurluq edən şəxslərin anaları məhkəmədə dindirilib

Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəna Fərəcova ifadə verib.

O, təqsirləndirilən N.Fərəcovanın anası olduğunu bildirib.

R.Fərəcova deyib ki, zərərçəkmiş Fəridə Əzizova ilə ailəvi dost olublar: "Fəridə xaricə gedəndə açarı qızım Nərgizə vermişdi. Nərgiz onun pişiyinə baxırdı. Nicatla qızımın çoxdan tanış olduğunu bilirdim. Sevgili olmalarından isə bu hadisə baş verəndən sonra xəbərdar oldum. Nicat bizim evdə bir dəfə olub. Hadisədən sonra qızım dedi ki, Nicat Fəridənin evinin açarını cibindən götürüb. Nicatın oğurluq hadisəsindən sonra pulu gətirib qaytarmasını istədik. Mən eşidəndə ki, Nicat Türkiyədə tutulub, özüm ora getdim. Türkiyədə Nicatdan hadisə barədə soruşdum. Nərgizin hadisədən xəbərsiz olduğunu, qızımı da aparıb evlənmək istədiyini bildirmişdi. Ölkəyə qayıdanda bu barədə polisə məlumat verdim".

Məhkəmədə məlum olub ki, hadisədən əvvəl N.İsrafilov oğurluq barədə N.Fərəcovaya bildirib. N.Fərəcova da ona "vatsap"da şəkil atıb ki, "qapını aça bilməzsən".

Daha sonra şahid qismində Yağmur Fərəcova dindirilib.

O, təqsirləndirilən N.Fərəcovanın bacısı olduğunu, zərərçəkmiş F.Əzizova ilə rəfiqə olduğunu söyləyib: "Mən də hadisə zamanı Fəridə ilə birgə xaricdə təlim məşq toplanışında olmuşam. Həmin seyfin kodunu bilirdim. Bacıma isə kodu deməmişəm. Fəridə hadisə barədə biləndə onun yanında idim. Sonra bacımın da adı bu işdə keçəndən sonra Fəridəyə söz verdim ki, nənəmin evini satıb pulunu qaytaracağam. Elə də etdik".

Digər şahid Nurlana İsrafilova ifadəsində təqsirləndirilən N.İsrafilovun anası olduğunu vurğulayıb. O, oğlunun günahının çox olduğunu qeyd edib: "Çünki mənim sözümə baxmadı, vəziyyətimizi yaxşı bilirdi. İndi də azadlığa çıxsın, Fəridə xanımın pulunu qaytarsın. Hadisədən sonra Nicat evə 2000 manat pul göndərib borclarının qaytarılmasını istədi. Onun çoxlu borcu var idi. Mən Nicatın Nərgizlə evlənməsini istəmirdim, buna görə narazı idim".

N.İsrafilova oğlu N.İsrafilovun bu cinayəti törətməsində N.Fərəcovanı ittiham edib: "Oğlumu Nərgiz yoldan çıxardıb. İndi pulu qaytarsınlar, oğlum da azadlığa çıxsın. Qapının açarını da oğluma Nərgiz verib. Əlimdə sübutlar da var. Oğlumun evdən apardığı pulları nə etdiyini də bilmirəm. Bu barədə mənə heç nə deməyib. Nicat daha əvvəl həbs olunanda onu da Nərgiz elətdirmişdi".

Məlum olub ki, şahidlər Tural İbadov və Qəşəm Əhmədov məhkəmə çağırışlarına məhəl qoymur. Onlar barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmənin növbəti iclası avqustun 29-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.

Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin bacısının sevgilisidir.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

İbtidai istintaq dövründə N.Fərəcova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

N.İsrafilov daha əvvəl məhkumluq həyatı yaşayıb.

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi