Bakı. 2 iyun. REPORT.AZ/ Bakıda Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki dairədə (metronun "Memar Əcəmi" stansiyasının yanı) avtobus dayanacaq məntəqələrində taksilər dayanır.
“Report”un məlumatına görə, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən avtobus dayanacağı məntəqələrində müvafiq nişanlar qoyulamsına və yeni taksi duracağı yeri də qurulmasına baxmayaraq ərazidə qaydalara əməl olunmur.
BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev “Report”a açıqlamasında bildirib ki, Agentlik daim ictimai nəqliyyatın normal fəaliyyətinə imkan verən zəruri infrastruktur layihələri reallaşdırır: “Bizim əməkdaşlar gün ərzində qeyd olunan əraziyə baxış keçirir. Nişanlanmış yerlərdə taksilərin dayandığını görəndə təbii ki, onlara qanunvericiliyin tələblərini izah edərək məsələni həll edirlər. Yaxud da Yol Patrul Xidmətinin əməkdaşlarına məlumat verilir. Bütün hallarda isə gərək insanların da məsuliyyəti olsun. Çünki taksi sürücüləri bilməlidir ki, onlar üçün xüsusi yer ayrılıb və orada da dayanmalıdırlar”.
Onun sözlərinə görə, bu qaydaları pozan sürücülərə qarşı hər zaman tədbirlər görülərək protokollar yazılır: “Lakin nəticə əldə etmək üçün KİV-lər də bu təbliğatda iştirak etməlidir ki, bu, taksi sürücülərinin şüuruna təsir edəcək səviyyədə olsun. May ayının 26-dan bu günə qədər dayanma-durma tələblərinə aid 3000-ə yaxın inzibati protokol yazılıb. Onlardan 800-ə yaxını sırf avtobus duracaqlarını qeyri-qanuni zəbt edən, eləcə də sərnişin daşıması və taksi fəaliyyəti ilə məşğul olan sürücülərə aid olub. Araşdırma aparılanda məlum olub ki, bir sürücüyə həftə ərzində müxtəlif yerlərdə 2-3 dəfə eyni protokol yazılıb”.
“Sürücü çörəkpulu qazandığını deyir. Amma başqalarının yolunu kəsməklə çörəkpulu qazanmaq həm qanunun tələbəni pozmaq, həm də hərəkət iştirakçılarına qarşı biganəlikdir. Bu, həm də avtobusun sərnişinləri hərəkət istiqamətində düşürüb-mindirməsinə, yaxud yolun daralmasına və s. kimi müəyyən xətalara gətirib çıxarmış olur” - deyə V.Əsədov, qeyd edib.
Xatırladaq ki, iki gün əvvəl həmin ərazidə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının və taksilərin xaotik hərəkətinin aradan qaldırılması məqsədi ilə BNA növbəti dəfə tədbirlər görüb. Belə ki, Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki dairədə mövcud avtobus dayanacaq məntəqələrinin xətləri yenidən rənglənərək müvafiq nişanlar qoyulub. Ərazidə taksilərin avtobusların dayanacağa giriş-çıxışına maneə yaratmasının qarşısını almaq üçün yeni taksi duracağı yeri də müəyyənləşdirilib.