Bakı. 5 sentyabr. REPORT.AZ/ Tanınmış idmançı Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə hakim zərərçəkmiş Fəridə Əzizovaya sual verərək dəymiş zərərin ödənilib-ödənmədiyini soruşub. Fəridə Əzizova deyib ki, ona dəymiş zərərin 53 min manatı ödənilib. O, daha 14500 manat zərəri tələb etdiyini söyləyib.
Məhkəmə dəymiş zərərin ödənilməsi və şahidin məhkəməyə gətirilməsinin təmin edilməsi üçün sentyabrın 12-dək təxirə salınıb.
Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manat pul olan seyf oğurlanıb. Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb. Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin bacısının sevgilisidir. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İbtidai istintaq dövründə N.Fərəcova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. N.İsrafilov daha əvvəl məhkumluq həyatı yaşayıb.