Bakı. 1 fevral. REPORT.AZ/ Ali Məhkəmədə qanunsuz olaraq Suriya və İraqa gedərək orada terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən Elşən Adilovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə başa çatıb.
“Report”un məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, E.Adilovun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 14 ilə endirilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, E.Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriyanın və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının fəaliyyətində iştirak edib.
2015-ci il dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Adilov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.