Yuxarı
    Bağlamaq

    Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlının şikayəti əsasında məhkəmə başlayır

    T.Musayev “Ömər Şişani”nin rəhbərlik etdiyi silahlı birləşmənin üzvü olub

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Tehran Musayev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

    “Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas noyabrın 2-nə təyin edilib.

    İşə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılacaq.

    İttiham aktına əsasən, 1990-cı il təvəllüdlü, Zəngilan rayon sakini T.Musayev 2012-2013-cü illərdə Suriyada ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeliyindəki, istintaqa “Ömər Şişani” ləqəbi ilə məlum olan şəxsin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar” adlı qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyət göstərib.

    O, “Ömər Şişani”nin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar” silahlı birləşməsinin üzvü, qohumu Məhəmməd Bağırovun təklifi ilə göstərilən birliyə daxil olmaq məqsədilə 16 oktyabr 2012-ci ildə Səbuhi Cəfərzadə ilə birlikdə Türkiyənin Hatay şəhərinə gediblər. Oradan Türkiyə-Suriya dövlət sərhədini qanunsuz keçərək Artma şəhərinə - müxtəlif xarici ölkələrdən oraya yeni gələn şəxslər üçün nəzərdə tutulmuş qəbul məntəqəsinə gediblər və “Ömər Şişani”nin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar” silahlı birləşmənin fəaliyyətində iştirak etməyə razılıq veriblər. Bir həftədən sonra T.Musayev Azərbaycana geri qayıdıb. O, qohumu M.Bağırovun tapşırığı ilə qabaqcadan əldə olunmuş razılaşmaya əsasən, İsmayıl Surxayevlə əvvəl Gürcüstana, oradansa Türkiyəyə gəlib. İ.Surxayev ayağına qaynar su dağılması səbəbindən yanıq xəsarətləri aldığına görə, yoluna davam edə bilməyib, İstanbulda qalıb. Sonradan, 12 dekabr 2012-ci ildə İ.Surxayev Hatay şəhərinin Reyhanlı rayonu istiqamətində sərhədi qanunsuz keçərək Artmaya gedib və “Ceyşül-Mühacirin və Ənsar”ın tərkibinə qoşulub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Surxayev 11 il, T.Musayev 13 il, S.Cəfərzadə isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan T.Musayev apellyasiya şikayəti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi