Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlının apellyasiya şikayəti təmin edilməyib

Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlının apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
17 Noyabr , 2016 07:00
Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlının apellyasiya şikayəti təmin edilməyib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Tehran Musayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Musayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, 1990-cı il təvəllüdlü, Zəngilan rayon sakini T.Musayev 2012-2013-cü illərdə Suriyada ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeliyindəki, istintaqa “Ömər Şişani” ləqəbi ilə məlum olan şəxsin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar” adlı qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyət göstərib.

O, “Ömər Şişani”nin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar” silahlı birləşməsinin üzvü, qohumu Məhəmməd Bağırovun təklifi ilə göstərilən birliyə daxil olmaq məqsədilə 16 oktyabr 2012-ci ildə Səbuhi Cəfərzadə ilə birlikdə Türkiyənin Hatay şəhərinə gedib. Oradan Türkiyə-Suriya dövlət sərhədini qanunsuz keçərək Artma şəhərinə - müxtəlif xarici ölkələrdən oraya yeni gələn şəxslər üçün nəzərdə tutulmuş qəbul məntəqəsinə gediblər və “Ömər Şişani”nin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar” silahlı birləşmənin fəaliyyətində iştirak etməyə razılıq veriblər. Bir həftədən sonra T.Musayev Azərbaycana geri qayıdıb. O, qohumu M.Bağırovun tapşırığı ilə qabaqcadan əldə olunmuş razılaşmaya əsasən, İsmayıl Surxayevlə əvvəl Gürcüstana, oradansa Türkiyəyə gəlib. İ.Surxayev ayağına qaynar su dağılması səbəbindən yanıq xəsarətləri aldığına görə, yoluna davam edə bilməyib, İstanbulda qalıb. Sonradan, 12 dekabr 2012-ci ildə İ.Surxayev Hatay şəhərinin Reyhanlı rayonu istiqamətində sərhədi qanunsuz keçərək Artmaya gedib və “Ceyşül-Mühacirin və Ənsar”ın tərkibinə qoşulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Surxayev 11 il, T.Musayev 13 il, S.Cəfərzadə isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi