Suriyada döyüşən Azərbaycan vətəndaşının məhkəməsi keçirilib

Suriyada döyüşən Azərbaycan vətəndaşının məhkəməsi keçirilib “Mənim oğlumun başını aldadıb aparıb”
Hadisə
13 Oktyabr , 2015 13:23
Suriyada döyüşən Azərbaycan vətəndaşının məhkəməsi keçirilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən İsmayıllı rayon sakini 1988-ci il təvəllüdlü Telman Bəkirov və Masallı rayon sakini, 1990-cı il təvəllüdlü Mübariz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Bu zaman məhkəmə zalında Kütai Rəsulova adlı qadın yerindən çıxış edərək bildirib ki, təqsirləndirilən Mübariz Tahirov onun oğlu Mahmud Rəsulovu Suriyaya aparıb: “Mənim oğlumu aparıb. Oğlum xəstədir, onun başını aldadıb. İş yoldaşları təsdiq edir ki, Mübariz onu aparıb”.

Təqsirləndirilən M.Tahirov Mahmud Rəsulovla birgə getdiyini etiraf edib: “Mən sərhədi keçmədim, o keçdi, sonrasından xəbərim yoxdu”.

Çıxış üçün söz dövlət ittihamçısına verilib. Dövlət ittihamçısı çıxışa hazır olmadığını əsas gətirərək məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, bu ilin aprelində Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Qaragözov Aydın Nadir oğlu, Ramizzadə Hafiz Ruslan oğlu, Bəkirov Telman Əvəz oğlu, Tahirov Mübariz Əmən oğlu, Qasımov Cavid Rabil oğlu, Vəlizadə Fəzail Etibar oğlu və Məmmədov Tural Fazil oğlu şübhəli şəxs qismində tutulmuşlar. Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır. Qaragözov Aydın Nadir oğlu, Ramizzadə Hafiz Ruslan oğlu, Bəkirov Telman Əvəz oğlu, Tahirov Mübariz Əmən oğlu, Qasımov Cavid Rabil oğlu, Vəlizadə Fəzail Etibar oğlu və Məmmədov Tural Fazil oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Ramizzadə Hafiz Ruslan oğlu və Qaragözov Aydın Nadir oğlu Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər. Belə ki, Hafiz Ramizzadə 2007-2012-ci illərdə, Aydın Qaragözov isə 2011-2013-cü illərdə Pakistanın Vəziristan vilayətində "Təhriki Taliban" adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki "Tayfatul Mansura" adlı silahlı dəstənin fəaliyyətində iştirak ediblər.

Təqsirləndirilən digər şəxslər - Bəkirov Telman Əvəz oğlu, Tahirov Mübariz Əmən oğlu, Qasımov Cavid Rabil oğlu, Vəlizadə Fəzail Etibar oğlu və Məmmədov Tural Fəzail oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

Digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi ayrı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi