​Süni qiymət artımına yol verən şirkət rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib - FOTO

​Süni qiymət artımına yol verən şirkət rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib - FOTO Həmin şəxs həm də Tibb Universitetinin əməkdaşıdır
Hadisə
18 Yanvar , 2016 15:22
​Süni qiymət artımına yol verən şirkət rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib - FOTO

Həmin şəxs həm də Tibb Universitetinin əməkdaşıdır

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda süni qiymət artımına görə saxlanılan iş adamı barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. “Report”un əldə etdiyi məlumata görə, “Alfa med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev barəsində həbs qətimkan tədbiri seçilməsi qərarını Binəqədi Rayon Məhkəməsi qəbul edib.

Ə.Xudaverdiyev məhkəmə qərarından apellyasiya şikayəti də verib. Lakin Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

“Report”un əldə etdiyi digər məlumata görə, Ə.Xudaverdiyev Azərbaycan Tibb Universitetinin (ATU) Normal fiziologiya kafedrasının assistenti vəzifəsini də tutur.

Qeyd edək ki, yanvarın 12-də İqtisadiyyat Naziriliyi və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 31C ünvanında yerləşən “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib. Cəmiyyətin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub.

Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib.

“Alfa med” MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsi ilə qanunsuz olaraq satılması, şirkətdə qara muhasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb.

Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 və 200.1-ci maddələri ilə cinayət işi başlanmaqla “Alfa med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İ.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi