Süni qiymət artımına görə 4 cinayət işi açılıb - RƏSMİ

Süni qiymət artımına görə 4 cinayət işi açılıb - RƏSMİ İqtisadiyyat Naziriliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
Hadisə
19 Yanvar , 2016 20:50
Süni qiymət artımına görə 4 cinayət işi açılıb - RƏSMİ

Bakı. 19 yanvar. REPORT.AZ/ İqtisadiyyat Naziriliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar. 

Baş Prokurorluqdan "Report"a daxil olan məlumatda bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təsdiq edilmiş birgə Tədbirlər Planına müvafiq olaraq manatın devalvasiyasından sui-istifadə edərək süni qiymət artımı, mal qıtlığı yaradılması, inhisarçılıq, korrupsiya və digər qanunsuz hallarının qarşısının alınması istiqamətində zəruri tədbirləri davam etdirilməkdədir.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə, o cümlədən bilavasitə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması ilə əlaqədar Sumqayıt, Mingəçevir, Ağstafa, Xaçmaz şəhərlərində İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə reydlər keçirilib.

Reydlər zamanı həmin şəhərlərdəki iri topdansatış mərkəzlərindən nəzarət qaydasında alınmış yerli istehsala aid olan müxtəli fmarkalıun, yağ və yumurta məhsullarının ölçüsü, çəkisi, qiyməti, istehlak xüsusiyyəti və keyfiyyətinin uyğunluğunun yoxlanılması məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində kompleks məhkəmə fiziki-kimyəvi, bioloji və əmtəəşünaslıq ekspertizaları keçirilib.

Müəyyən edilib ki, qiymətləri süni şəkildə qaldırılmış Ağstafa şəhərində yerləşən “Beş mərtəbə market” dən alınmış un, “İki qapılı market”dən alınmış un və yağ, Xaçmaz şəhərində yerləşən “Eko Mart market”dən alınmış un, “Sərfəli Market”dən alınmış yağ, Mingəçevir şəhərində fiziki şəxs - Babaxan Bağırova məxsus mağazadan alınmış un standartlara cavab vermir və qida üçün yararsızdır.

Mövcud standartlara cavab verməyən ərzaq mallarının qiymətlərinin süni şəkildə qaldırılması ilə vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə ayrı-ayrılıqda 4 cinayət işləri başlanıb.

Hazırda cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmçinin, bu cür hallarla qarşılaşan vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və İqtisadiyyat Nazirliyinin 195-2 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə müraciət etmələri tövsiyə edilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə, bütün fiziki və hüquqi şəxslərə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması, inhisarçılıq, korrupsiya və digər qanunsuz hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən təxribatçılar, işbazlar, dəllallar barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəyi barədə xəbardarlıq edir.

Son xəbərlər

Orphus sistemi