Yuxarı
    Bağlamaq

    Süni qiymət artımına görə 2 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 1 nəfər polis nəzarəti altına verilib - RƏSMİ

    Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

    Bakı. 18 yanvar. REPORT.AZ/ Manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, mal qıtlığı yaradılması, inhisarçılıq və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə ardıcıl olaraq təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

    Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumatda bildirilir ki, “Giləzi Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə direktoru Elçin Əliyev xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 1 qutu (360 ədəd) yumurtanın qiymətini 41 manatdan 56 manat 60 qəpiyə qaldıraraq çox sayda təsərrüfat subyektlərinə və fiziki şəxslərə ümumilikdə 211 min 790 manat artıq qiymətə, “Hacıqabul Quşçuluq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri Amid Babaşov isə 1 qutu (360 ədəd) yumurtanın qiymətini 41 manatdan 56 manat 50 qəpiyə qaldıraraq ümumilikdə 141 min 63 manat artıq qiymətə satışını apararaq həmin məhsulun ölkə ərazisində süni bahalaşmasına səbəb olan hərəkətləri ilə dövlətin bu sahədə apardığı tədbirlər üzrə onun nüfuzuna xələl gətirməklə, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan, “Giləzi Quşçuluq” MMC-nin direktoru Elvin Eminov, cəmiyyətin satış üzrə direktoru Elçin Əliyev və “Hacıqabul Quşçuluq Şirkəti”MMC-nin satış üzrə meneceri Amid Babaşov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, E.Əliyev və A.Babaşov barəsində məhkəmənin qərarı ilə həbs, E.Eminov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi