Sumqayıtda tanışını döyərək öldürməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

Sumqayıtda tanışını döyərək öldürməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib Məhkəmənin növbəti iclası sentyabrın 14-nə təyin edilib
Hadisə
31 Avqust , 2017 13:48
Sumqayıtda tanışını döyərək öldürməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını döyərək öldürməkdə təqsirləndirilən Kamil Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs K.Quliyev ifadə verib.

O, dindirilən zaman mərhum Rahib Zeynalov və bir neçə dostu ilə birgə kafedə oturduqlarını bildirib: "Bir az sonra Zülfüqar kafedən getdi. Əvvəlcədən danışmışdıq ki, kafedə hesabı vermədən çıxıb gedək. Rahib buna görə orada stolu aşırdı, qədəhi qırdı. O, içkili idi. Dedi ki, guya mən Zülfüqarın atasına söymüşəm. Buna görə də Zülfüqarın yanına getdik. Rahiblə aramızda mübahisə düşdü. Məni kəllə ilə vurdu. Mən də onu itələdim, Rahib yerə yıxıldı. Sonra onu maşınla xəstəxanaya apardıq. Oradan da çıxıb getdim. Hadisə gününün səhərisi məhlədə eşitdim ki, Rahibin vəziyyəti ağırdı. Gedib polisə təslim oldu". 

Daha sonra mərhum R.Zeynalovun anası Bəsti Zeynalova ifadə verib. O qeyd edib ki, hadisədən əvvəl oğlunun günahı olmayıb: "Xəstəxanaya düşəndən sonra dedilər ki, əməlliyat olunmalıdır. Buna görə də 3 min manat lazımdır. Tapdım, əməliyyat olundu. Rahib əməliyyatdan sonra beş ay evdə yatdı, hətta oğlum danışırdı. Rahib evdə yatanda hadisə yadına düşdükcə danışırdı. Deyirdi ki, "məni döydülər". Həmçinin onu Zülfüqarın vurduğunu da bildirdi". 

B.Zeynalova oğlu R.Zeynalovun uşaq vaxtı avtomobil qəzasına düşdüyünü deyib: "O, həmin vaxt dördüncü sinifdə oxuyurdu. Maşın onu vurandan sonra dalağı çıxmışdı. Xəstəxanada 16 gün yatdı, sağlam da evə apardıq. Heç bir problemi olmayıb. Bu hadisədə isə onu döyəndən sonra aparıb xəstəxanaya atıb, qaçıblar. Hətta xəstəxanada onun adını da qeydiyyat şöbəsində səhv adla qeydiyyata salıblar. Oğlumun boynunu qırmışdılar. Rahibin özü dedi ki, onu Kamilgil boynundan vurublar. Kamilin anası və bacısına dedim ki, əməliyyata pul lazımdır. Köməklik edin. Ancaq razı olmadılar. Anası bildirdi ki, "oğlum gedib 15 il cəzasını çəksin".

Məhkəmənin növbəti iclası sentyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə keçən il Sumqayıtda baş verib. K.Quliyev münaqişə zəminində tanışı Rahib Zeynalovla əlbəyaxa olub. Əlbəyaxa dava zamanı R.Zeynalov ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Bundan sonra zərərçəkmişin şikayəti əsasında K.Quliyev həbs edilib.

Ona Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. İş Sumqayıt şəhər prokurorluğunda araşdırılaraq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə dövründə R.Zeynalov aldığı xəsarətlərdən ev şəraitində dünyasını dəyişib.

Məhkəmə iclasında məhkəmə tibbi ekspertizasının rəyi elan edilib. Rəyə əsasən, K.Quliyevin xəsarət yetirdiyi R.Zeynalov məhkəmə dövründə aldığı xəsarətlərdən sonra ev şəraitində olan zaman dünyasını dəyişib.

İclasda prokuror vəsatətlə çıxış edib. O, vəsatətində cinayət işinin məhkəmə baxışına xitam verilməsini və K.Quliyevə verilən ittihamın daha da ağırlaşdırılmasını tələb edib.

Prosesdə təqsirləndirilən şəxsin yaxınları və zərərçəkənin anası arasında mübahisə düşüb. Məhkəmə nəzarətçiləri hər iki tərəfi sakitləşdirib.

Məhkəmə vəsatəti təmin edib. Hakimlər kollegiyasının qərarına əsasən, K.Quliyevə verilən CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsinin ağırlaşdırılması ilə bağlı iş yenidən araşdılması üçün Sumqayıt Şəhər Prokurorluğuna qaytarılıb. Daha sonra ona CM-nin 126.3-cü (qəsdən sağlamığa ağır zərər vurma, ehtiyatsızkıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi