Şikayətlərlə bağlı “Günay Sığorta” ASC rəsmi açıqlama yayıb.
"Report"a daxil olan açıqlamada deyilir: "Özünü “Günay Sığorta” ASC-nin əməkdaşı kimi təqdim edən Anar Aslanov adında şəxs şirkətin əməkdaşı deyil və vətəndaş Mehdi Abbasovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili “Günay Sığorta” ASC-də sığorta edilməyib. Ona görə “Günay Sığorta” ASC ilə vətəndaş Mehdi Abbasov arasında sığorta münasibətləri ilə əlaqədar olaraq hər hansı hüquqi vəzifə və öhdəliklər mövcud olmayıb. “Günay Sığorta” ASC-nin ən öndə gedən məqsədi müştəri məmnuniyyətinin artırılması və hər bir müştəriyə xüsusi diqqət yetirilməsindən ibarətdir. Lakin, vətəndaş Mehdi Abbasov şirkətin müştərisi olmadığı üçün hazırki vəziyyətlə bağlı dəstək göstərmək iqtidarında deyilik.
Həmçinin bəyan edirik ki, özünü “Günay Sığorta”nın işçisi kimi təqdim edən Asif Abbasov adında vətəndaş ASC-nin rəsmi əməkdaşı olmadığından şirkətin adından rəsmi bəyanatlarla çıxış etmək hüququna malik deyil. Mətbuat nümayəndələrindən “Günay Sığorta” ASC-nin sığorta fəaliyyəti ilə bağlı dolğun məlumatların əldə edilməsi zərurəti yarandıqda şirkətin rəsmi mənbəsinə istinad etmələrini xahiş edirik.
"Günay Sığorta" şirkətinin əməkdaşı 11 nəfərə qarşı dələduzluq edib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.
Belə ki, şəhər sakini Mehdi Abbasov idarə etdiyi "KamAZ" markalı yük maşınını sığorta etdirmək üçün həmin şirkətə müraciət edib. Ona şirkətin Anar Aslanov adlı işçisi yaxınlaşaraq nəqliyyat vasitəsini sığorta edəcəyini bildirib və ondan nəzərdə tutulmuş məbləği alıb. Dələduzluq faktı yük maşınına yazılmış cərimələrdən sonra üzə çıxıb. Şirkət ənəkdaşının pulu aldıqdan sonra bildiriş verməsinə baxmayaraq, məbləğin sistemdə öz əksini tapmadığı məlum olub. Zərərçəkmiş Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək ona dəymiş ziyanın geri qaytarılmasını tələb edib.
Məsələ ilə bağlı "Günay Sığorta" şirkətinin rəsmisi Asif Abbasov "Report"un yerli bürosuna vətəndaşın dələduzluqla üzləşdiyini və artıq həmin əməkdaşın işdən kənarlaşdırıldığını bildirib.
Araşdırmalar nəticəsində onun zərəçəkmiş Mehdi Abbasovla birlikdə 11 nəfərə qarşı dələduzluq etdiyi ortaya çıxıb.
Faktla bağlı araşdırma aparılır.