Yuxarı
    Bağlamaq

    Sumqayıtda su sayğacları ve liftin əyləc dolaqlarını oğurlayan şəxslər tutulub

    Oğurlanan su sayğaclarının qırılmış hissələrinin bir qismi isə onların gizlətdikləri yerdən aşkar olunaraq götürülüb© DİN

    Bakı. 3 may. REPORT.AZ/ Əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların sökülərək oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən Sumqayıt şəhərində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

    Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

    Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Cinayət Axtarış Şöbəsi (CAŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki çoxmənzilli yaşayış binalarının girişindəki su sayğacını oğurlamağa cəhd göstərən Corat qəsəbə sakinləri - Sənan Süleymanlı, onun qardaşı Kənan və Faiq Bayramlı saxlanılıblar. Saxlanılan şəxslərin ətrafında aparılan tədbirlərlə onların bu ilin yanvar ayından aprel ayına qədər olan müddətdə şəhər ərazisində 50-yə yaxın mənzilin su sayğacını oğurlamaları da müəyyən edilib.

    Qeyd edək ki, dəstə üzvləri təkcə bir gecədə şəhərin 13-cü mikrorayonu ərazisində yerləşən binalardan birinin 21 mənzilinin su sayğacını oğurlayıblar.

    Saxlanılan şəxslər ifadələrində sayğacları oğurlayandan sonra onların mis və latundan olan hissələrini Sumqayıt şəhərinin müxtəlif yerlərində olan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Oğurlanan su sayğaclarının qırılmış hissələrinin bir qismi isə onların gizlətdikləri yerdən aşkar olunaraq götürülüb.

    Əməliyyat tədbirinin davamı olaraq saxlanılan şəxslərin oğurluq yolla əldə etdikləri mis və latunu satdıqları metal qəbulu məntəqəsinin sahibi Sumqayıt şəhər sakini Əlisəfa Qurbanov da müəyyən edilərək izahatının alınması üçün polis idarəsinə gətirilib.

    Dəstə üzvlərinin ətrafında aparılan əlavə tədbirlər nəticəsində, həmçinin onların Sumqayıtdakı yaşayış binalarında olan 70-ə qədər liftin əyləc dolaqlarını da oğurladıqları məlum olub. Saxlanılan şəxslər liftlərdəki oğurluq hadisələrini də əlvan metal əldə edib satmaq niyyəti ilə həyata keçirdiklərini etiraf ediblər.

    Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Sonda Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə bir daha xəbərdarlıq edərək bildirir ki, oğurluq yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat versinlər. Əks halda həmin qəbul məntəqələri sahibləri barəsində də qanuna uyğun tədbirlər görüləcəkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi