Sumqayıtda qətl törədən şəxsin məhkəməsində şahidlər dindirilib

Sumqayıtda qətl törədən şəxsin məhkəməsində şahidlər dindirilib Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
25 Sentyabr , 2018 16:04
Sumqayıtda qətl törədən şəxsin məhkəməsində şahidlər dindirilib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı Mehman Vəliyev şahid qismində ifadə verib.

Məhkəmədə məlum olub ki, hadisədən əvvəl R.Feyziyev polisə müraciət edərək özünün və arvadının başqa şəxs tərəfindən şantaj edildiyini deyib.

Həmin şikayət üzrə araşdırmanı da polis əməkdaşı M.Vəliyev aparıb.

M.Vəliyev bildirib ki, R.Feyziyev polisə müraciət etdikdən sonra onun həyat yoldaşı ilə internetdə tanış olan şəxs müəyyənləşdirilib. Lakin soyləyib ki, həmin şəxsin hərəkətlərinin şantaj olmadığı qənaətinə gəlinib: "Bu səbəbdən də həmin şəxs məsuliyyətə cəlb edilməyib".

Polis əməkdaşı M.Əliyev deyib ki, işi araşdıran müddətdə tərəfləri sakitləşdirməyə və səbrli olmağa dəvət edib.

Məhkəmədə məlum olub ki, mərhum R.Feyziyevanın sosial şəbəkələrdə fotosu paylaşılıb və onun müəyyən məbləğ qarşılığında kişilərlə münasibətdə olduğu göstərilib. Həmçinin ünvan kimi də R.Feyziyevanın yaşadığı ev göstərilib.

O da məlum olub ki, istintaq materiallarında mərhumun ayrı-ayrı şəxslərə "instagram"da danışdığı, bəzi şəxslərlə də görüşdüyü qeyd edilib.

Daha sonra məhkəmədə mərhum Rafət Feyziyevanın "instagram"da danışdığı, daha sonra görüşdüyü Hüseyn Vəliyev şahid qismində dindirilib.

O deyib ki, sosial şəbəkədə ilk dəfə mərhum R.Feyziyeva ona yazıb: "Məndən iş yoldaşım Rövşən Rəsulov haqqında soruşdu. Bildirdi ki, Rövşən onu fotoları ilə şantaj edir. Mən ona ilk məsləhət kimi "instagram"ı bağlamasını məsləhət gördüm".

Məlum olub ki, H.Vəliyev R.Feyziyevaya kömək edəcəyi adı ilə onunla münasibət qurub. Hətta bu münasibət görüşə, daha sonra isə intim münasibətə qədər gedib çıxıb.

Ailəli olan H.Vəliyev mərhumla görüşü özünün ikinci evində təşkil edib.

H.Vəliyevə dövlət ittihamçısının və vəkillərin verdiyi suallardan məlum olub ki, o, mərhumun oğlu ilə də görüşüb. Belə ki, əri R.Feyziyevanın telefonuna baxarkən H.Vəliyevin də nömrəsini və danışıqlarını görüb. Mərhumun oğlu H.Vəliyevə zəng edərək onunla görüşüb və məsələni aydınlaşdırmaq istəyib.

Hakim H.Vəliyevə tutduğu əməllərə görə iradını bildirib və insanların şəxsi həyatına, ailə məsələlərinə müdaxiləsinin böyük cinayətə səbəb olduğunu xatırladıb.

Deyilən iradlara heç bir cavab verə bilməyən H.Vəliyev, sadəcə, başını aşağı salaraq sakitcə dayanıb.

H.Vəliyev suallara cavabında R.Feyziyevanın şantaj edilməsindən xəbərsiz olduğunu deyib.

Məhkəmədə mərhumu fotoları ilə şantaj etməkdə adı keçən Rövşən Rəsulov da dindirilib.

O deyib ki, R.Feyziyeva ilə "instagram"da tanış olub. O bildirib ki, R.Feyziyevanı ilk dəfə polis bölməsində görüb: "2016-cı ildə danışığımız olub. Sonra bir neçə ay yazmadı. Yenə özü yazdı. Danışdıq və bir neçə ay yenə yazmadı. Bir gün məni polisə çağırdılar. Orada mənə məlum oldu ki, Rafət ancaq mənim adımı çəkib və deyib ki, guya onu mən şantaj etmişəm. Polisdə onun yoldaşına da dedim ki, sonuncu dəfə 7 ay əvvəl danışmışıq. Əgər kimsə Rafətin ev ünvanını yazıb görüşdüyünü bildiribsə, elə ora gələn adamı tutub özündən soruşmaq olardı".

R.Rəsulov bildirib ki, mərhumla heç bir münasibəti olmayıb, sadəcə, hər ikisi bir-birinə sosial şəbəkədə şəkil göndərib.

Qeyd edək ki, hadisə bu il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən sonra qətli törədən R.Feyziyev könüllü olaraq polisə təslim olub.

Məlumata görə, R.Feyziyev həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı R.Feyziyevanı yaşadıqları mənzildə 16 bıçaq zərbəsi ilə qətlə yetirib.

R.Feyziyev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi