Sumqayıtda qadını öldürməkdə təqsirləndirilən ata və oğula hökm oxunub

Sumqayıtda qadını öldürməkdə təqsirləndirilən ata və oğula hökm oxunub Təqsirləndirilən şəxslər son çıxışlarında günahsız olduqlarını bildiriblər
Hadisə
15 Sentyabr , 2016 16:21
Sumqayıtda qadını öldürməkdə təqsirləndirilən ata və oğula hökm oxunub
Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahbaz Xəlfəyev və İslam Xəlfəyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında İ.Xəlfəyevin 19 il, Ş.Xəlfəyev isə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri hüquqlarını müdafiə etdiyi şəxslərin barəsində bəraət hökmü çıxarılmasını tələb edib.

Təqsirləndirilən şəxslər son çıxışlarında günahsız olduqlarını bildiriblər.

Məhkəmə heyəti müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası hökm oxuyub. Məhkəmənin hökmü ilə İ.Xəlfəyev 18 il və Ş.Xəlfəyev 17 müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilib və faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib, həmçinin cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Ş.Xəlfəyev və 1991-ci il təvəllüdlü İ.Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23:00 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi