Bakı. 31 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində yol kənarında dayanan şəxsə qarşı quldurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, iyulun 30-da Sumqayıt şəhər sakini Elçin İsmayılov 3-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək iyulun 29-da saat 23 radələrində 76-cı məhəllənin ərazisində yolun kənarında dayanarkən markasını bilmədiyi avtomobilin sürücüsünün ona yaxınlaşıb küt alətlə əlindən vuraraq içərisində 45 manat və mobil telefonu olan çantasını almasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xalid Məmmədov saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.