Sumqayıt şəhərində binanın elektrik xətlərinin düzgün çəkilmədiyi üçün yaranmış problemlər nəticəsində 10 mənzilin elektrik avadanlıqları sıradan çıxıb.
Bu barədə "Report"un yerli bürosuna şəhərin 5-ci mikrorayon ərazisində yerləşən 39 nömrəli binanın sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, elektrik xətlərinin düzgün quraşdırılmaması yüklənməyə səbəb olub və nəticədə bir çox problemlərə gətirib çıxarıb.
Baş vermiş hadisə nəticəsində 10 ailənin hər birinə 2000-3000 manat civarında maddi ziyan dəydiyini söyləyən sakinlər artıq bir müddətdir ki, dəymiş zərərin qarşılanmasını gözləyirlər.
"İşıq xətləri köhnə olduğu üçün kabellərdə qızma baş verib. Yay fəsli ilə əlaqadər kondisionerdən çox istifadə edilir və bu da xətlərin yüklənməsinə səbəb olub. Nəticədə izolyasiya qızıb və faza xətləri birləşib. Mənzillərə 220 volt əvəzinə 440 volt işıq gedib və bu da elektrik avadanlıqlarını sıradan çıxarıb", - sakinlər bildiriblər.
Onlar eyni zamanda həm "Azərişıq" ASC-nin, həm də “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin "Qaynar xətt"lərinin zənglərə cavab vermədiyini söyləyiblər.
Məsələ ilə bağlı "Azərişıq" ASC-nin “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin "Sumqayıt Elektrik Şəbəkəsi"nin rəisi Ramil Məmmədov "Report"un yerli bürosuna açıqlamasında sözügedən binada qəza baş verdiyini təsdiqləyib.
Onun sözlərinə görə, həmin vaxt Sumqayıt Elektrik Şəbəkəsinin növbətçi heyətinin dərhal müdaxiləsi və operativ yanaşması nəticəsində qəza aradan qaldırılıb.
Sakinlərin iddiaları ilə bağlı suallara cavab verən R.Məmmədov bildirib ki, qəza baş verən zaman müəyyən hadisələrin baş verməsi mümkündür:
"Biz onu abonentlərin müraciəti əsasında araşdıracağıq. Əgər elə bir hal baş veribsə, "Azərişıq" ASC-də qəzanın səbəbləri tam araşdırılandan sonra sakinlər məlumatlandırılacaq. Əgər həqiqətən də qəzanın baş vermə səbəbindən abonentlərə maddi və mənəvi ziyan dəyibsə, rəhbərlik tərəfindən müvafiq qərar qəbul olunaraq abonentlərə məlumat veriləcək".
















