Bakı. 3 iyul.
"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə F.Abduləzimov özünü təqsirli bilmədiyini deyib.
O, sərbəst ifadəsində qeyd edib ki, daha əvvəl də evlilik həyatı yaşayıb. F.Abduləzimov söyləyib ki, bir neçə aylıq məhkum olunub.
Onun həbs edilməsinə səbəb isə birinci ailəsinə aliment ödəməməsi olub. F.Abduləzimovun birinci ailəsindən 2 azyaşlı övladı var: "Həbsdən çıxandan sonra ikinci həyat yoldaşım mərhum Xalidə Günəşova ilə münasibətlərim yaxşı idi. Şabran Rayon Məhkəməsinin qərarı ilə mən birinci həyat yoldaşıma aliment ödəməli idim, lakin bundan qaçırdım. Xalidə Günəşova ilə 4 il yarım evli olmuşam. Hadisədən əvvəl onu Sumqayıt şəhərində yerləşən Tağıyev qəsəbəsindəki evimə gətirdim. Bir gecə orada qaldıq".
F.Abduləzimov vurğulayıb ki, mərhum Xalidə Günəşova ona birinci həyat yoldaşına aliment ödəyə bilməməsinə görə söz atıb: "Xalidə mənə dedi ki, "səni alimentə görə tutacaqlar, gedib öz həyatımı yaşayacağam". Bu söz də məni tutdu. Bundan sonra baltanı evin qabağından götürüb onu başından vurdum. Uşaq isə hasarın o biri tərəfində oynayırdı. Evə girəndə anam gördü".
Təqsirləndirilən şəxs söyləyib ki, həmin vaxt şokda olub, özünə də xəsarət yetirib: "Qolumdan, qarnımdan bıçaq zərbəsi vurdum. Uzun müddət isə xəstəxanada yatdım".
F.Abduləzimov əməlindən peşman olmadığını deyib.
Məhkəmənin növbəti iclası iyulun 10-na təyin edilib.
Qeyd edək ki, cinayət hadisəsi Sumqayıt şəhəri, Tağıyev qəsəbəsinində baş verib. Dəmiryol yaşayış massivində yaşayan 30 yaşlı F.Abduləzimov özündən 3 yaş böyük olan həyat yoldaşı Xalidə Günəşovanı qətlə yetirib.
F.Abduləzimov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
F.Abduləzimov arvadını öldürdükdən sonra intihara cəhd edib, bıçaqla boğazına və bədəninə xəsarətlər yetirib. Ailə üzvləri onu xəstəxanaya vaxtında çatdırdığından həyatını xilas etmək mümkün olub.
F.Abduləzimovun ilk evliliyi 2009-cu ildə olub və 2012-ci ildə boşanıb. O, boşanandan sonra aliment ödəməkdən boyun qaçırıb və buna görə həbs edilib.