Sumqayıt sakininin ölüm işi ilə bağlı həbs edilən şəxslər azadlığa buraxılıb

Sumqayıt sakininin ölüm işi ilə bağlı həbs edilən şəxslər azadlığa buraxılıb Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
27 May , 2017 14:50
Sumqayıt sakininin ölüm işi ilə bağlı həbs edilən şəxslər azadlığa buraxılıb

Bakı. 27 may. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə və oğurluqda təqsirləndirilən Babək Atamalıyev, Musa Camalov və Hüseynağa Ağayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, H.Ağayev və M.Camalovun apellyasiya şikayəti təmin edilib. Belə ki, H.Ağayevin 3 il 6 ay və M.Camalovun isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 600 manat miqdarında cərimə cəzası ilə əvəz edilib. Onların 10 noyabr 2016-cı il tarixdən 20 aprel 2017-ci il tarixədək həbsdə saxlandığı 5 ay 10 gün müddət nəzərə alınaraq, hər iki şəxs cərimə cəzasından azad olunub. H.Ağayevlə M.Camalov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal həbsdən azad olunublar.

Qeyd edək ki, qətl hadisəsi 2016-cı ilin martın 22-də, gecə saat 01:00 radələrində baş verib. 27 yaşlı Namiq Məmmədov Sumqayıt şəhəri, 13-cü mikrorayondakı 6 saylı binanın qarşısında üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib.

Həmin fakta görə, Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini B.Atamalıyev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.

Məlum olub ki, N.Məmmədov doğulduğu gün qətlə yetirilib. Hadisə şahidləri bildirib ki, mərhum gənc işdən qayıdarkən siqaret almaq üçün məhəlləyə yaxın ərazidə dükana girib. Mağazadan çıxan N.Məmmədova 3 şəxs yaxınlaşıb və siqaret istəyiblər. N.Məmmədovun onlara siqaret vermək istəməməyi mübahisəyə səbəb olub.

Beləliklə, mərhumu təqib edən həmin şəxslər həyətə girənə qədər onu söyüb təhqir ediblər. Təhqirlərdən bezən N.Məmmədov həyətə girən kimi, blokun önündə dayanan 4 qonşunu köməyə çağırıb. Qonşuların mübahisəyə müdaxiləsi vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, siqaret arzusunda olan şəxslərdən biri - 1996-cı il təvəllüdlü B.Atamalıyev üzərində gəzdirdiyi bıçağı çıxararaq N.Məmmədovu vurub və qaçıb. Qonşular qatilin arxasınca qaçmaq istəsələr də o, əlindəki soyuq silahla hamını hədələyərək aradan çıxa bilib.

N.Məmmədovu öldürəndən sonra qatil və onun yanındakı digər şəxslər növbəti cinayəti törədiblər. Qonşu məhəlləyə qədər qaça bilən şəxslər dükan yarıblar və məhz bu zaman polis tərəfindən tutulublar.

H.Ağayev və M.Camalov da məsuliyyətə cəlb edilib. Hər iki şəxsin barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib.

Hadisə günü öldürülən 27 yaşlı N.Məmmədovun ad günü imiş.

B.Atamalıyev CM-nin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə), 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2-ci (oğurluq, təkrar törədildikdə), 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə, H.Ağayevlə M.Camalov isə 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsnin hökmü ilə B.Atamalıyev 19 il, M.Camalov 3 il və H.Ağayev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. M.Camalovla H.Ağayev məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi