Strasburq universitetində təhsil almış azərbaycanlı məhkəmədə ifadə verib: "Söyüşü bağışlamıram"

Strasburq universitetində təhsil almış azərbaycanlı məhkəmədə ifadə verib: "Söyüşü bağışlamıram" "Düzdü, adam öldürmüşəm, amma soyğunçuluq etməmişəm"
Hadisə
22 İyun , 2017 11:05
Strasburq universitetində təhsil almış azərbaycanlı məhkəmədə ifadə verib: Söyüşü bağışlamıram

Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. 

Elan olunmuş ittiham üzrə Z.Məmmədov özünü qismən təqsirli bildiyini deyib. O, soyğunçuluq etmədiyini bildirib: "Rəhmətlik Firuddinin mənə borcu var idi. 100 manatı o, ölmədən əvvəl mənə vermişdi. İttihamda qeyd edilib ki, dələduzluq etmişəm. Bu düz deyil. Düzdü, adam öldürmüşəm, amma soyğunçuluq etməmişəm".

Z.Məmmədovun sözlərinə görə, o, mərhum Firuddin Hüseynovu söyüş etdiyi üçün qətlə yetirib: "Atamın oğlu da olsa, söyüşü bağışlamıram".

Daha sonra qətlə yetirilmiş şəxsin hüquqi varisi, F.Hüseynovun qardaşı Fazil Hüseynov dindirilib. O, qardaşının meyitini özünün tapdığını deyib: "Mənzilin qapısı bağlı idi. Bacım oğlunda açar var idi, onunla qapını açıb içəri girdik. Evdə qardaşımın meyitini gördük".

Məhkəmənin növbəti iclası iyunun 30-na təyin edilib.

Qeyd edək ki, bu ilin fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovun meyiti Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb.

Məlum olub ki, F.Hüseynov həmin ünvanda tanışı Z.Məmmədovla mübahisə edib. Mübahisə zamanı Z.Məmmədov F.Hüseynovun baş nahiyəsindən küt alətlə vurub. O, aldığı xəsarətdən ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Z.Məmmədov tutulub.

İstintaq araşdırması zamanı Z.Məmmədovun vətəndaşın etibarından sui istifadə edərək dələduzluq əməli törətməsi də müəyyən olunub. Buna görə də o, qətl hadisəsi törətməmişdən əvvəl dələduzluq etdiyi üçün axtarışda olub.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 186-cı ( əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilir.

Z.Məmmədov Strasburqda universitetlərdən birində təhsil alıb.

Son xəbərlər

Orphus sistemi