Yuxarı

Soyğunçuluğa görə həbs edilmiş şəxs apellyasiya şikayəti verib

Onun şikayəti təmin edilməyib

Bakı. 5 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində soyğunçuluğa cəhd etməkdə və qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Ruslan Məmmədov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Beləliklə, R.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2015-ci ilin iyun ayında R.Məmmədov İlqar Cəfərzadəyə qarşı soyğunçuluğa cəhd etdiyinə görə tutulub. Hadisə yerinə gələn polis əməkdaşları onun üzərinə baxış keçirərkən narkotik vasitələr aşkarlayıb.

R.Məmmədov Cinayət Məcəlləsinin 29,180.2.4-cü (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə, cinayət etməyə cəhd) və 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi