Yuxarı

​Sosial şəbəkədə tanış olduğu qızı öldürən şəxs Ali Məhkəməyə müraciət edib

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb

Bakı. 11 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ukrayna vətəndaşı, 1986-cı il təvəllüdlü Hümbətov Elnur Şahmurad oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə davam etdirilib.

"Report"un məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Buna səbəb kimi ilkin qərardan kassasiya şikayəti verilməsi göstərilib.

Şikayətə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin may ayının 4-də Səbail rayonu, Rəsul Rza küçəsi, 4 ünvanında baş verib. Elnur Hümbətov qısqanclıq zəminində qeyri-rəsmi nikahda olduğu 1989-cu il təvəllüdlü İlahə Ağayevanı qətlə yetirib. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan E.Hümbətov ilkin ifadəsində bildirib ki, İ.Ağayeva ilə sosial şəbəkədə tanış olub. Onların münasibətləri virtual mərhələdən real mərhələyə keçib. Daha sonra E.Hümbətov İ.Ağayevanı başqa kişilərlə də görüşdüyünü öyrənib. Hadisə günü E.Hümbətov sevgilisinin yaşadığı mənzilə gəlib, mübahisə edib. Nəticədə E.Hümbətov bıçaqla ona zərbələr endirib və İ.Ağayevanı yaralı vəziyyətdə qoyaraq hadisə yerini tərk edib. Ağır bıçaq yaraları alan qadın isə ölüb.

O, Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

2015-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə E.Hümbətov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçi Zaur Niftəliyev və zərərçəkmiş şəxsin hüquqi varisi Böyükxanım Cabbarova apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi