
Bakı. 9 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Qorxmaz Sadıqovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Q.Sadıqovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Qorxmaz Şahin oğlu Sadıqov sosial şəbəkədə mübahisə etdiyi Elnur Məmmədovu döyməkdə təqsirli bilinib.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Sadıqov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
İsmayıl Nəsibli
Xəbərin müəllifi