Bakı. 29 yanvar. REPORT.AZ/ Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 10 nəfər Türkiyə, 7 nəfər Pakistan İslam Respublikası, 4 nəfər Hindistan və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə, 22 nəfər əcnəbi saxlanılıb.
DMX-nın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı ölkədə qanunsuz yaşadıqları üçün DMX tərəfindən saxlanılan 9 nəfər Türkiyə vətəndaşının küllü miqdarda pul qarşılığında Avropaya göndərilmək məqsədi ilə Türkiyədə yaşayan Kenan Durmus tərəfindən Azərbaycana gətirildikləri məlum olub.
Belə ki, Kenan Durmus Azərbaycanda yaşayan iş adamı Suleyman Kayikçiogluna inşaat sahəsində birgə işləməyi vəd edib. O, Sulyeman Kayikciogluna məxsus İNSMARK şirkəti tərəfindən qeyd olunan 9 nəfər əcnəbiyə iş və müvəqqəti yaşama icazəsi alınmasını təşkil edib, bundan sonra müxtəlif yollarla həmin şəxslər üçün Avropa ölkələrinə viza almağa cəhd göstərib. Lakin Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin faktiki olaraq İNSMARK şirkətində işləmədikləri aşkarlanıb, onların yalan məlumat verməklə iş və müvəqqəti yaşama icazələri aldıqları müəyyən edilib. Bununla da, əcnəbilərə verilmiş vəsiqələr ləğv olunub.
Azərbaycanda müvafiq yaşama icazələri ləğv edilən əcnəbilər Kənan Durmuşun təkidi ilə Avropaya göndəriləcəklərinə inanaraq müxtəlif ünvanlarda gizlənməklə Azərbaycanı tərk etməkdən boyun qaçırıblar. Lakin keçirilən tədbirlər nəticəsində həmin əcnəbilər saxlanılıb.
Saxlanılan digər əcnəbilərdən, ölkəyə gələn 1 nəfər Türkiyə, 4 nəfər Hindistan, 7 nəfər Pakistan, 1 nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları müəyyən edilib.
Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri tam sübuta yetirilib və faktlar öz təsdiqini tapıb.