Yuxarı
    Bağlamaq

    ​Ramil Usubov: “Son beş ildə hüquqpozmalara görə DİN-in 1514 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib”

    Nazir ABŞ-ın Azərbaycandakı səfirini qəbil edib

    Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 13-də ABŞ-ın yeni fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.

    Nazir onu səfir təyin olunması münasibətilə təbrik edib və ümid etdiyini bildirib ki, bu təyinat Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə təkan verəcək.

    Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.

    O da qeyd olunub ki, Azərbaycanda kriminogen durmun nəzarət altına alınması, ölkə vətəndaşlarının, xarici investorların təhlükəsizliyinin təmin olunması və onlar üçün əlverişli şəraitin yaradılması məqsədilə dövlətimizin cənab İlham Əliyevin rəhbərliyi altında çox böyük işlər görülüb.

    Xüsusilə 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini nəzərə çatdıran nazir antiterror koalisiyasında yer alan ölkəmizin bu qlobal bəlaya qarşı birgə mübarizəyə öz töhfələrini verdiyini, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın digər ağır növlərinə qarşı səmərəli mübarizə aparılması məqsədilə beynəlxalq aləmdə səylərin birləşdirilməsinin zəruriliyini bildirib.

    Respublikanın əmin-amanlığın yüksək səviyyədə qorunduğu təhlükəsiz ölkələrdən olmaqla asayişin təmini, cinayətkarlıqla mübarizədə müsbət nəticələrə görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutmasından danışan daxili işlər naziri insan hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində də əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, polis əməkdaşları tərəfindən vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, proses iştirakçıları haqqında müxtəlif hüquqpozmalar nazirliyin rəhbərliyinin birbaşa nəzarəti altında xüsusi qurum tərəfindən araşdırılır, bu zaman pozuntulara yol verən əməkdaşlar ən ciddi şəkildə cəzalandırılır.

    Belə ki, son beş ildə bu növ hüquqpozmalara görə 1514 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 108-i tutduğu vəzifədən azad olunub, 95-i daxili işlər orqanlarında xidmətdən xaric edilib, 8 əməkdaşın xüsusi rütbəsi aşağı salınıb, 11-i cinayət məsuliyyətinə cəlb olunub, qalanları haqqında digər tədbirlər görülüb.

    Səfir Robert Sekuta səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, Birləşmiş Ştatların cinayətkarlıqla mübarizənin bir sıra istiqamətləri, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini, diplomatik fəaliyyəti dövründə dövlətlərimiz, həmçinin, ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün hər cür səylər göstərəcəyini qeyd edib.

    Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi