Hərbi prokuror: "Son 6 ayda axtarışda olanlardan 34 nəfər tutularaq istintaqa cəlb edilib"

Hərbi prokuror: "Son 6 ayda axtarışda olanlardan 34 nəfər tutularaq istintaqa cəlb edilib" Xanlar Vəliyev: "125 nəfərə xəbərdarlıq edilib, 30 cinayət işi başlanıb"
Hadisə
24 İyul , 2015 14:42
Hərbi prokuror: Son 6 ayda axtarışda olanlardan 34 nəfər tutularaq istintaqa cəlb edilib

Bakı. 24 iyul. REPORT.AZ/ Bu ilin 6 ayında hərbi prokurorluq orqanlarının əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 34 nəfər tutularaq istintaqa cəlb edilib. "Report" xəbər verir ki, bunu Azərbaycan baş prokurorunun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında çıxışı zamanı deyib.

Hərbi prokuror bildirib ki, təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 63 yoxlama keçirilib, nəticədə 1 064 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 98 təqdimat göndərilib, 125 nəfərə xəbərdarlıq edilib, 30 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 76 yazılı göstəriş verilib. Prokurorun təqdimatlarının baxılması nəticəsində 203 nəfər intizam məsuliyyətinə cəlb edilib.

Xanlar Vəliyev vurğulayıb ki, hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Törədilən cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 82,3 faizinin istintaq zamanı ödənilməsi təmin olunub. Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilən 20 apellyasiya protestinin 46,2 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə səyyar qaydada 78 məhkəmə prosesi keçirilib.

Hərbi prokuror bildirib ki, I yarımildə hərbi prokurorluq orqanlarında vətəndaşların 793 müraciətinə baxılıb, 428 vətəndaş mərkəzi aparatda qəbul edilib. Ərazi hərbi prokurorluğunda 1491 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 1206 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar verilib.

Son xəbərlər

Orphus sistemi