SOCAR: İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarış davam edəcək

SOCAR: İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarış davam edəcək Nizaməddin Quliyev: "Ümidimizi üzmürük, axtarışları davam etdirməliyik"
Hadisə
8 Dekabr , 2015 20:23
SOCAR: İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarış davam edəcək

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada və "Neft daşları" yatağında itkin düşənlərin axtarışı istiqamətində bütün cəhdlərə baxmayaraq, bu gün saat 20:00-a olan məlumata görə nəticə əldə olunmayıb. 

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib. 

O qeyd edib ki, bütün gün axtarışlar davam etdirilib və itkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək. "Proqnozlara görə, sabah küləyin sürəti qalxacaq. Küləyin sürətindən asılı olaraq, təbii şəraitin imkan verdiyi dərəcədə axtarışlar davam edəcək. Ümidimizi üzmürük, axtarışları davam etdirməliyik. Sonuncu neftçi tapılana qədər axtarışlar davam edəcək".

N,Quliyev "Günəşli" yatağında yanğının söndürülməsi ilə əlaqədar işlərin davam etdirildiyini qeyd edib. Onun sözlərinə görə, bu gün rabitə və elektrik enerjisinin bərpası ilə əlaqədar addımlar atılıb. Şirkətin mətbuat xidmətinin rəhbəri SOCAR prezidenti Rövnəq Abdullayevin hazırda qərargahda işlədiyini də bildirib.

"Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov isə deyib ki, hava şəraiti kəskinləşdikdə belə böyük gəmilər yanğının söndürülməsi işini davam etdirəcək. Onun sözlərinə görə, bu məqsədlə iki "Vixr" gəmisi və "Topaz" gəmisi işləyəcək. B.Ağarəhimov həmçinin "Günəşli" yatağında yanğının söndürülməsi üçün dəvət olunan xarici mütəxəssislərin işindən də danışaraq qeyd edib ki, ABŞ-ın "Boots&Coots" şirkətinin mütəxəssisləri öz texnikalarını cəlb edəcəklər.

Son xəbərlər

Orphus sistemi