Yuxarı

SOCAR-ın vitse-prezidenti: "İdarələr üzrə yaradılan qruplar itkin düşənlərin ailələri ilə əlaqə saxlayırlar"

Dekabrın 4-də səhər Azneft rəisinin imzaladığı əmrdə qeyd olunub ki, təmir işləri dayandırılsın

Bakı. 6 dekabr. REPORT.AZ/ "Yanğın başlayan kimi öncə özülün sahəsini bürüyüb. Operatorlardan biri qayıdanda alovla üz-üzə gəlib. O, indi Respublika Yanıq Mərkəzindədir". "Report"un xəbərinə görə, bunu "Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar keçirilən növbəti mətbuat konfransında SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.

X.Məmmədov güclü küləklə bağlı "Azneft" İstehsalat Birliyinin rəhbərliyi tərəfindən xüsusi əmr imzalandığını da xatırladıb: "Dekabrın 4-də səhər "Azneft"in rəisi əmr imzalayıb. Əmrdə qeyd olunub ki, təmir işləri dayandırılsın, personal qapalı yerdə qalsın. Hətta qaz xəttində təmir aparılmalı imiş, küləyə görə qazı da kəsiblər. Yəni bütün təhlükəsizlik tədbirləri görülübmüş".
SOCAR rəsmisi deyib ki, itkin düşənlərin ailələrinə və xəsarət alanlara yardım ediləcək. "Bilirsiniz ki, özüldə olan 63 nəfərdən yalnız 18-i "28 may NQÇİ"nin işçiləridir. Qalanı müxtəlif idarələrin işçiləridir. Ona görə də idarələr üzrə qruplar yaradılıb və həmin qruplar itkin düşənlərin ailələri ilə əlaqə saxlayırlar. Onların problemi ilə maraqlanırlar. Bütün bu işlərə birbaşa SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlov nəzarət edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi