SOCAR-ın “Günəşli” yatağında baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb

SOCAR-ın “Günəşli” yatağında baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Hadisə
5 Dekabr , 2015 19:11
SOCAR-ın “Günəşli” yatağında baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verib. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirib. Buna baxmayaraq, görülmüş tədbirlər nəticəsində 32 nəfər xilas edilərək təxliyə olunub. İlkin məlumata görə 1 nəfər həlak olub. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.

Dövlət başçısı xilasetmə işlərinin sürətləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədilə qərara alıb:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri:

Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri:

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri

Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Mədət Quliyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Səlim Müslümov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

Dövlət Komissiyasına itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etmək, hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etmək, qəza nəticəsində xəsarət alanların müalicəsini təmin etmək, qəza nəticəsində dərin dəniz özülünün yararlılıq vəziyyətinin və ona dəymiş zərərin müəyyənləşdirilməsini təmin etmək, görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat vermək tapşırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğu Daxili İşlər, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirlikləri ilə birlikdə baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. 

Son xəbərlər

Orphus sistemi