Yuxarı

Şimal-Qərb bölgəsinə yağan qar bir sıra problemlər yaradıb - FOTO

Bölgədə onlarla kənd işıqsız qalıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Şimal-Qərb bölgəsinə yağan qar bir sıra problemlər yaradıb.

"Report" xəbər verir ki, dünəndən intensiv yağan qar Şəki, Zaqatala və Qax rayonlarının elektrik təchizatında bir sıra problemlər yaradıb.

Zaqatala Rayon icra hakimiyyəti (RİH) Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov bildirib ki, bu gün səhər saatlarında Zaqatala rayonunun 50%-də elektrik kəsilib. 3-cü Tala kəndində Qovaq ağacının elektrik naqillərinin üstünə aşması nəticəsində həmin kəndə elektrik enerjisinin verilişi dayandırılıb. Günortaya qədər bu problem qismən həllini tapıb.Yağan qarın qalınlığı şəhərdə 40, dağlıq ərazilərdə isə 50 sm-ə çatıb. Qaz təchizatı və rabitə xidmətində heç bir problem yoxdur. Qarla örtülən Danaçı və Muğanlı yolu da qardan təmizlənib.

Qax RİH-i Fövqəladə Hallar Komissiyasının sədri Tahir İsmayılov isə "Report"a bildirib ki, səhər saatlarında rayonunun 25-30 kəndində elektrik enerjisinin verilişi dayandırılıb. Buna səbəb isə elektrik naqillərinin qarın ağırlığına tab gətirməyərək qırılması olub. Dağ kəndlərinə gedən yollar qardan və buzdan təmizlənib. Hazırda 15 kənddə hələ də işıq yoxdur. Rabitə və qaz təchizatında isə heç bir problem yaşanmayıb.

Şəki RİH-i Fövqəladə Hallar komissiyasının sədri Valeh Ələkbərovun verdiyi məlumata görə, bu gün səhərdən etibarən rayonun Göynük və Baş-Zəyzid kəndlərində elektrik enerjisi olmayıb. Günortaya yaxın bu problem qismən həllini tapıb. Baltalı kəndində də yol kənarındakı ağac aşaraq elektrik naqillərini qırıb. Hazırda rayonun kənd və digər avtomobil yollarının qardan və buzdan təmizlənməsi işləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi