Sevdiyi qadına görə bıçağa əl atan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Sevdiyi qadına görə bıçağa əl atan şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası aprelin 8-nə təyin edilib
Hadisə
29 Mart , 2016 10:10
Sevdiyi qadına görə bıçağa əl atan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 29 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Babayev Maarif Arif oğlu barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 8-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin sentyabr ayının 11-də Binə qəsəbəsi Bünyadzadə küçəsində baş verib. 1981-ci il təvəllüdlü Maarif Babayev qəsəbə sakini, 1980-ci il təvəllüdlü Rauf Razayevi qısqanclıq zəminində bıçaqlayıb. O, ifadəsində qeyri-rəsmi nikahda yaşadığı qadını R.Razayevlə gördüyünü bildirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayev tutulub.

M.Babayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 185.3.3-cü (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Babayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi