“Sevil Massivi” MTK-nın rəhbərlərinin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

“Sevil Massivi” MTK-nın rəhbərlərinin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılması dayandırılıb
Hadisə
1353
22 Noyabr , 2017 16:00
“Sevil Massivi” MTK-nın rəhbərlərinin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

Bakı. 22 noyanr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov, həmçinin digər təqsirləndirilənlər - Zabit Çələbiyev, Mirnamat Miradiyev, Səbinə Əliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin yenidən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilib.

İşin yenidən birinci instansiyaya qaytarılmasına səbəb isə protokolda olan bəzi sənədlərə qeydlərin edilməməsi olub.

Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılması dayandırılıb.

İttiham aktına əsasən, "Sevil Massivi" MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Kooperativin təsisçisi A.Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub, 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələri sübuta yetirilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 162-1.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmaq), 213.2.2-ci (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Məlum olub ki, təqsirləndirilən şəxslər 19 milyon manatdan 10 milyon 500 min manatı ödəyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Zeynalov 9 il, Z.Çələbiyev və E.İsmayılovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilənlər - M.Miradıyevin və S.Əliyevanın barəsində 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Zərərçəkmiş şəxslər də apellyasiya şikayəti verərək dəymiş ziyanın ödənilməsini istəyiblər.

Son xəbərlər

Orphus sistemi