"Şərurlu İsfəndiyar"ın qardaşının şərikinin apellyasiya şikayəti təmin edilməyib

"Şərurlu İsfəndiyar"ın qardaşının şərikinin apellyasiya şikayəti təmin edilməyib Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub
Hadisə
5 Avqust , 2017 10:47
Şərurlu İsfəndiyarın qardaşının şərikinin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 5 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Q.Rəhimovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, vətəndaşlar 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.

Araşdırmalar zamanı MMC-nin direktoru Q.Rəhimov çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıb. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İstintaq dövründə Q.Rəhimov barəsində heç yerə getməməklə bağlı iltizam alınıb.

Ümumilikdə cinayət işi üzrə 29 nəfər zərərçəkmiş olub. Vətəndaşlar “VEDI-E” MMC-nin direktoru Q.Rəhimovun qəbulunda olublar. Lakin o, məsuliyyəti “SAFARI-N”MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDI-E” MMC podraçtı, “SAFARI-N” MMC isə sifarişçidir. Bu şirkətin direktoru isə İmran Axundovdur. O, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun qardaşıdır.

Məhkəmədə ifadə verən Q.Rəhimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, VEDI-E” MMC-ni təsis edib, bina tikintisi üçün “SAFARI-N” MMC ilə müqavilə bağlayıb. Təqsirləndirilən şəxs qeyd edib ki, binanın tikintisi zamanı iştirak edən fəhlələrin pulunu özü ödəyib. Q.Rəhimovun sözlərinə görə, vergi işləri və bank əməliyyatları ilə “SAFARI-N” MMC məxsus olub. O qeyd edib ki, həmin MMC-nin icraçı direktoru Elnur adlı şəxs olub. Q.Rəhimov söyləyib ki, tikintiyə ümumilikdə 1 milyon 300 min manat vəsait xərclənib. Onun sözlərinə görə, qeyd olunan məbləğdən İmran Axundovun xəbəri olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Rəhimov 6 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi