​“Şəms-MMC” firmasının sahibini öldürməkdə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

​“Şəms-MMC” firmasının sahibini öldürməkdə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib Vəkil Bakı Apellyasiya Məhkəməsinə müraciət edib
Hadisə
7 Oktyabr , 2015 09:54
​“Şəms-MMC” firmasının sahibini öldürməkdə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

Bakı. 7 oktyabr. REPORT.AZ/ “Şəms-MMC” firmasının sahibi Mirəli Həqzadəni öldürməkdə təqsirləndirilən Şahvələd İmanov barəsində məhkəmə hökmündən apellyasiya şikayəti verilib.

Bu barədə “Report”a Ş.İmanovun vəkili Vasif İsrafilov bildirib.

Vəkil apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etdiyini deyib: “Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2015-ci il tarixli hökmünün ləğv edilməsini və Şahvələd İmanovun əməlinin Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələrinə tövsif etməklə ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsini istəyirəm”.

Qeyd edək ki, bu cinayət hadisəsi 2013-cü ilin may ayının 16-da baş verib. “Şəms-MMC” firmasının sahibi Mirəli Həqzadə “Prado” markalı avtomaşını ilə yaşadığı binanın həyətində dayanarkən naməlum şəxs tərəfindən 23 bıçaq zərbəsi almaqla ağır yaralanıb. Yaralı xəstəxanada əməliyyat olunsa da, gecə saatlarında müəmmalı şəkildə dünyasını dəyişib.

Hadisədən bir qədər sonra Nəsimi Rayon Polis İdarəsinin (RPİ) və Bakı Şəhər Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun sifarişlə qətlə yetirildiyi müəyyənləşdirilib. Qətlin sifarişçisinin 1966-cı il təvəllüdlü Rüstəmov Aydın Aslan oğlu, icraçının isə əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü İmanov Şahvələd Mürsəl oğlu olması bəlli olub. Hadisədən sonra Ş.İmanov yaşadığı Göygöl rayonuna qaçsa da, çox keçmədən həbs olunub. Ondan 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça, 1 ədəd patrondaş və 16 ədəd patron götürülüb. İlkin dindirilmə zamanı sifarişçinin A.Rüstəmov olması müəyyənləşib.

29 aprel 2015-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirlən prosesdə isə Ş.İmanova hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.İmanov Cinayət Məcəlləsinin 29,120.2.1-ci, 29,120.2.4-cü, 29,120.2.5-ci, 228.1-ci maddələri ilə ittiham olunaraq, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi