Şəmkir. 13 may. REPORT.AZ/ Şəmkir rayonunda məhkəmə zalından qaçan dustaq tutulub.
Şəmkir Rayon Polis Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, Eşqin Murtuzov rayonun Seyfəli kəndinin ərazisində saxlanılıb.
Həmin şəxs məhkəməyə təhvil verilib.
Qeyd edək ki, qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən Eşqin Murtuzov mühakimə zamanı Şəmkir Rayon Məhkəməsinin zalının pəncərəsindən çıxaraq qaçmışdı.
Xatırladaq ki, Şəmkir rayonu, Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü E.Murtuzov bu ilin yanvarın 17-də həbs olunub. O, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Namiq Əli oğlu Babayevi bıçaqlayaraq ona məxsus avtomobili qaçırıb. Namiq Babayev hadisədən iki gün sonra yerləşdirildiyi xəstəxanada ölüb.
E.Murtuzov Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Qaçırılan "VAZ-2107" markalı avtomobil Şəmkir rayonu Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi E.Murtuzovdan aldığını bildirib.
***
Şəmkir rayon Prokurorluğu qaçan dustaqın tutulması barədə məlumat yayıb.
Prokurorluqdan "Report"a verilən məlumata görə, Şəmkir rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunan Eşqin Murtuzov mayın 12-də saat 17:30 radələrində istintaq hərəkətinin icra edildiyi yerdən mühafizə altından qaçaraq oranı özbaşına qanunsuz tərk edib.
Rayon polis Şöbəsi və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində E.Murtuzovun rayonun Seyfəli kəndi ərazisində gizləndiyi yer müəyyənləşdirilib və tutularaq istintaqa cəlb olunub.