Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, iyunun 15-də Şəmkir RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mehirli kənd sakini 56 yaşlı Alim Novruzəliyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilən narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 5 ədəd çətənə kolu aşkar olunub.
Bundan başqa A.Novruzəliyevin üzərinə keçirilən baxış zamanı 3 ədəd kibrit qutusunda ümumi çəkisi 17,212 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəllər-Cəyir kənd sakini 38 yaşlı Tofiq Hüseynova məxsus evin həyətyanı sahəsindən 12 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə kolu - kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı həmin şəxslər çətənə kollarını özləri becərdiyini bildirib.