Şəkinin Kiş kəndinə alternativ yol salınıb - FOTO

Şəkinin Kiş kəndinə alternativ yol salınıb - FOTO Artıq Kiş çayı üzərində yerləşən və sel suları nəticəsində dağılmış körpünün bərpa edilməsi istiqamətində hazırlıq işləri görülür
Hadisə
5 İyul , 2016 20:32
Şəkinin Kiş kəndinə alternativ yol salınıb - FOTO

Şəki. 5 iyul. REPORT.AZ/ Şəkinin Kiş kəndinin mərkəzlə əlaqəsi bərpa olunub. 

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, Şəki-Kiş avtomobil yolunun 1-ci kilometriliyində, Kiş çayı üzərindən müvəqqəti yolun salınması istiqamətində işlər yekunlaşıb. 

Belə ki, Kiş çayının məcrasına yerləşdirilən 12 poqonmetr uzunluğunda suötürücü dəmir-beton boruların üzərindən xüsusi texnikanın köməyi ilə yeni yol hissəsi salınıb. Müvəqqəti yol 4 metr enindədir. Bütün işlər birbaşa olaraq “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında əraziyə cəlb olunmuş lazımi sayda canlı qüvvə və texnika vasitəsilə qısa müddət ərzində və yüksək keyfiyyətlə aparılaraq yekunlaşıb. Artıq Kiş çayı üzərində yerləşən və sel suları nəticəsində dağılmış körpünün bərpa edilməsi istiqamətində hazırlıq işləri görülür. Bunun üçün hazırda layihə-smeta sənədləri hazırlanır, ərazidə geoloji-kəşfiyyat işləri aparılır.

Xatırladaq ki, iyulun 3-də gecə saatlarında Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometriliyində, Kiş çayı üzərində yerləşən iki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparıb. Nəticədə körpünün hər iki aşırımı uçduğundan Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib. Kiş çayında dağlardan gələn lil-palçıq tullantılarının qalınlığı təxminən 1-1,5 metr olub. Avtonəqliyyat vasitələrinin rayon mərkəzi ilə əlaqəsi yalnız uzunluğu təxminən 10 kilometr olan Oxud yolundan istifadə etməklə mümkün idi.

Qeyd edək ki, iki aşırımlı (2x31m) avtomobil körpüsünün ümumi uzunluğu 74 metr, qabariti isə 8,4 metr idi.

Son xəbərlər

Orphus sistemi