Yuxarı

​ Əhməd Əhmədzadə: "Şəkinin Kiş çayına yenidən sel gəlib" - FOTO

Təbii fəlakət nəticəsində müəyyən fəsadlar yaranıb

Şəki. 24 iyul. REPORT.AZ/ Şəkinin dağlıq ərazisinə fasiləsiz yağan güclü leysan nəticəsində Kiş çayına yenidən sel gəlib. Bu barədə "Report"-un Şimal-Qərb bürosuna Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib.

O, bildirib ki, təbii fəlakət nəticəsində müəyyən fəsadlar yaranıb. Güclü sel bu ərazidə iyulun 2-də baş vermiş təbii fəlakət nəticəsində dağılmış körpünün yanında suötürücü dəmir-beton və metal borularla salınan müvəqqəti alternativ yolu dağıdıb.

Onun sözlərinə görə, Şimal-Qərb bölgəsinin dağ çaylarında sululuq yenidən artıb və bunun üçün qabaqlayıcı tədbirlər görülür. Kiş çayı Qazaxıstanın Almatinka çayından sonra dağıdıcı gücə malik olan ikinci çaydır. ASC sədri bildirib ki, Kiş çayına salınan möhkəm və dayanıqlı bəndlərin olması nəticəsində Şəki şəhərinə heç bir ziyan dəyməyib.

Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəflinin "Report"a verdiyi məlumata görə Kiş çayı üzərində salınmış müvəqqəti körpünü sel apardığına görə daha dayanıqlı dəmir konstruksiyalı körpünün tikintisinə başlanılıb. Hal-hazırda iri texnikalar vasitəsilə işlər aparılır. Havaların yağıntılı keçməsi görülən işlərin gecikməsinə səbəb olur. Buna baxmayaraq əhalinin Şəki şəhərinə gediş-gəlişini vaxtında təmin etmək məqsədilə alternativ körpünün tikintisi,yaxın günlərdə başa çatdırılacaq.

Mətbuat katibi onu da deyib ki, yaxın günlərdə həm də Kiş çayı üzərində yeni üç aşırımlı körpünün tikintisinə başlanılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi